Dünən və gün gün sosial şəbəkələr üzərindən müxtəlif insanlar doğmalarının, qohumlarının, övladlarının ali təhsil ocağına qəbulu ilə bağlı xoş xəbərlər paylaşır, sevincini göstərir, təbrik edir, ən gözəl arzularını ithaf efir. Xub, bütün ali təhsil ocaqlarına qəbul qazanmış tələbləri mən də təbrik edir, parlaq, savadlı və xoşbəxt gələcək arzu edirəm. Ancaq bir məqam heç də yaxşı deyil. Nədəni bütün ixtisaslar üzrə keçid ballarının aşağı, hətta, çox aşağı səviyyədə olması ilə bağlıdır. Vaxtilə həmin balla nəinki bölgələrdə yerləşən ali təhsil ocaqlarının filiallarına, heç orta ixtissas təhsil ocaqlarına qəbul olmaq mümkünsüz idi. Özümdən götürüm. Yadıma gəlir ki, bizim dövrdə ali təhsil ocağına qəbul qaydası çətin və keçid balı yüksək idi. Suallara cavab tapmaq üçün çox oxumalı, çox çalışmalı idin. Ancaq test üsulu kasıbın balasının üzünə ali təhsil ocağının qapısına açırdısa da əzbərçiliyə öyrətməsi şikəst edirdi. Məntiq və analitikadan məhrum beyin şikəsti. İndi də elədir, yenə əzbərlə get testləri yaz, keç. Yəni əzbərçi təhsil forması davam edir. Ancaq fərq son illər Dövlət İmtahan Mərkəzinin keçid ballarını çox aşağı etməsidir ki, üç- beş il davamlı hazırlığa gedən tələbə 200-250 bal topladığı kimi "şanlı" tələbə adını qazanır. 15 il öncə ən azı əksəriyyət ixtisaslar üzrə dövlət sifariş ilə ali təhsil ocaqlarına qəbul üçün 450 -500 balı keçməli idin. Şəxsən mən 2006- cı ildə 517 balla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dövlət sifarişlisinə güclə qəbul oldum, on bal az toplasaydım qəbul olmayacaqdım. Yaxud bibimoğlu 426 balla "havada qaldı", yəni ali təhsil almaq arsuzu puç oldu. İndiki məzunlar o balla ölkənin ən reytinqli ali təhsil ocaqlarında, ən arzulanan fakultələrində, hətta dövlət sifarişi ilə ali təhsil ala bilər, hansı o dövrdə neçə-neçə gəncin arzusu bu ballara görə yarımçıq qalırdı.
Ona görə də ildən - ilə ali təhsil alanların sayı artır, orta məktəbdə savadı aşağı olan tələblərin də çoxu tələbə adını daşıyır. Bu çox ədalətsizdir. Çünki ölkədə təhsil sistemi şəffaf deyil ki, fikirləşəsən ki, ali təhsil ocağına qəbulu asan, tədrisi çətin etmək lazım. Kim oxuyur keçsin, alsın diplomu, kim keçmir, oxumur, almasın diplomu. Amma belə ədalətə möhtacdır ölkə təhsili. 200 balla qəbul olan da, 600 balla ali təhsi ocağını qazananda eyni sevinci yaşayıb, sonucda eyni sevinci paylaşır, yəni məzun olur. Nə olur olsun, sonda, məzun olur, diplomu alır. Kəsilən olmur demək olar. Mən burda lap təəccübliyəm ki, o 200 balla qəbul olunanlar necə edir ki, bunu bacarır. Onlar bacarmır, ali təhsil ocağı bunu bacarır yəqinsiz. Gözəlim məmləkətdə ali təhsil ocaqları keyfiyyəti təhsil verməsə də ödənişli fakultələrin qiymətini ildən - ilə "ceyran belinə" qaldırır. 6500 manata ali təhsil almaq olar Azərbaycanda? Bu ən pik ödənişlərdən sayılır ki, əllər cibini, cib də ürəyini yandırır. Əksəriyyət ixtisaslar üzrə ödənişlər 2000-3000 arası və ondan yüksək rəqəm göstəricisindədir ki, ödə get ali təhsili al, amma sonda o təhsil sənə nə verəcək, yaxud həmin pula dəyəcək ixtissalı kadr yetişəcəksən deyə sual doğurur. Hələ təhsil haqqını ödəyə bilməyən neçə gəncin, onun valideynlərinin çırpınışlarını demirəm. Ali təhsil ocaqlarının maddi texniki bazası zəif, tədrisi əzbərçilik, təcrübəsi sıfırdır desək yanılmarıq ki, bunu sonuncu kurs və məzun olan çoxluq təsdiq edər, özü də qırmızı imza ilə. Lap qırmızı diplom sahiblərinin də təhsil səviyyəsi, keyfiyyəti sual doğurur. Dərin bir sual. Bu diplom məzunları sonda nə ilə və necə fərqlənir. İşlə təmin olunur, ya xaricə seçilib göndərilir?
Xeyr, sadəcə diplomun rəng fərqi ilə. Bu ilin belə diplom sahibi olan bir qızı şəhərdən kəndə gəlin köçürdülər. O da, geridəqalmış bir kəndə, savadsız bir oğlana.
O mühəndis ixtisaslı qız qırmızı diplomla o kəndə nə edəcək hələ mənə məlum deyil, heç özünə də.
Gəlin, keçək əsas mətləbə. Bu ilin nəticələri açıqlandı ki, ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51 941 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 24594 nəfər dövlət sifarişi əsasında, 27 347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul qazananlardan 6592 nəfər subbakalavrdı ki, bunlar da orta ixtissas təhsil ocağını bitirmişlərdi. Son bir neçə ildə bu subbakalavrları da ali təhsilə "yük" ediblər. Vaxtilə ən az bal toplayan bu şəxslər indi imtahansız, tanışlıqla, tapşırıqla, əzbərçiliklə aldığı diplom balının üstünə DİM - in hədiyyəlik 200 balını gələrək mübarək ali təhsil ocağının tələbəsi adını alır. 27 balnan kollec oxuyan qohum indi Sumqayıt Dövlət Universitetinin mübarək tələbəsidir. Kül ələnsin belə təhsilə, belə alverçi xislətli təhsil ocağının başına. Nə əziyyət çəkib yuxusuz gecələr keçirirlər, nə bir kitab üzü açırlar. Amma hop eləyib ali təhsil ocağına düşürlər. Necə oxuyur, nə cür oxuyur onu müəllimləri, bir də özləri bilir. Köçürmənin və rüşvətin canı "sağ olsun". Bütün bu zülümlər varkən onu da oxudum ki, bu hələ son deyil, beş qrup üzrə 3500-yaxın plan yeri boş qalıb. Daha az bal toplayanlara o yer şansdı, gözünü bağla, qəbul et, təki yer dolsun. İndi neçə savadsız məzun və gülməşəkər valideyn bunun üçün alışır , çalışır ki, qonşudan qalma geri, mənim də övladım ödənişli də olsa tələbə adını alsın. Hələ ibtidai sinifdən hazırlığa gedənlərin qəbul qazanmayıb da valideynlərinin dərin kədər və qəzəbinə sahib olanlardan da söz açsaq bəlli olacaq ki, bu ölkədə ali təhsil sanki bir məcburiyyət, bir öhdəlik, bir fərqlənmə nişanıdır. Bir ömür heç bir uğur qazanmayan, özü etmədiyi işləri, vermədiyi, əziyyətinə qatlanmadığı imtahanları valideynlər övladlarının çiyninə eşşək palanı edir. O palan ki, bəzilərinin beynindən çox qiymətlidir. Əgər övladından o savad, o bacarıq, o güc yoxdursa nə onu, nə özünü yükləmə ay valideyn. Qoy bir bacarıqlı sənət, peşə sahibi olsun. Onsuz ali təhsilli işsizlər ordusu olan ölkəmiz bunu hər gün, hər dəqiqə, hər il bizə xatırladır. Yüksək qazanc, ad, şöhrət, kreslo, vəzifə sevgisi bu milləti əsir-yesir edib. Səmimi, özünü olduğu kimi qəbul edən, bacarıqlı, sənətini sevən bir peşə sahibi bunların nəinki çoxundan, elə hamısından dəyərlidir. Odur ki, sızlayıb ağlayıb, repititor pulunu uşağın təpəsinə çırpıb intihara sürükləməyin. Ya növbəti ilə buraxın şansı, ya da peşə, sənət seçimini dəyərləndirin. Beləsi daha xeyirli deyərək sözümə son verirəm.
Ancaq bu cür təhsil, bu cür qəbulla ölkə təhsili keyfiyyətə, gənclik ağ günə çıxan deyil. Necə ki, bu il bunca "yüksək təhsil verən bahalı təhsil ocaqlarının müqabilində bir nəfər məzun 700 bal toplamadı. Ən yüksək bal 693 bal oldu ki, o da Fidan Quliyeva adlı məktəbliyə məxsus idi. Heç olmaya illər öncə 5-6 nəfər 700 bal toplayan olurdu ki, çoxusu rayonların, kəndlərin payına düşürdü. Düzdür, 700 bal şərt deyil, ancaq dəqiq təhsildən xəbər verir.
Bəli, bəli gör nə "gözəl" , necə "uğurlu" və necə "faydalı" təhsil sistemi var ki, qəbul olunanda sevin, bitirəndə otur dərdinə ağla ki, harda çalışım, necə iş tapım, necə mənəviyyatımı qoruyaraq ixtissasım üzrə çalışım.
Belə olan halda da özünü bu ölkədə tapmayan, savadlı və nisbətən imkanlı gənclik inkişaf etmiş ölkələrə beyin köçü edir. Yenə də itirən Azərbaycan, Azərbaycan təhsili, iqtisadiyyatı, səhiyyəsi, hüququ, idarəçiliyi və onun dərin düşünə bilməyən cəmiyyətidir. Bu isə hər il getdikcə özünü ölkədən köçən gənclərin, qaçan vətəndaşların sayında özünü göstərir.
Keyfiyyətli təhsil sevgisi və yüksək savadlı, savadı az gənclərə, anlayışlı valideynlərə uğurlar diləyi ilə bir daha TƏBRİKLƏR!
Günel Sabirqızı
AZADTV saytının xüsusi müxbiri