Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilməyə davam edir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Digər yandan maraqlıdır ki, parlamentdə təmsil olunan partiyalardan YAP-dan başqa heç biri təsdiq cavabı almayıb. Bu isə sosial şəbəkələrdə müzakirə mövzusu olub. Belə ki, sözügedən qanun layihəsinə səs verən partiyaların özlərinin təsdiq cavabı almaması birmənalı qarşılanmayıb.
Bəs, parlament partiyaları bu barədə nə düşünür? İkinci müraciətdən sonra da imtina gəlsə, hansı addımlar atılacaq?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, əvvəlcədən nəsə demək olmaz:
"Müraciətimiz geri qaytarılıb ki, sənədlər düzəlsin. Orada da çox əhəmiyyətli düzəlişlər yoxdur. Texniki düzəlişlərdir. Bu düzəlişləri biz həll edəcəyik. Bəzən soyaddan başlayaraq, vəsiqə nömrələrinə qədər diqqətsizlikdən hansısa rəqəm buraxılıb, hansısa şəxsin adında hərf səhvi olub. Bunlar asan düzələsi məsələlərdir. Ona görə də, bizim hansısa qanuna səs verməyimiz nəsə imtiyaz qazanmağımız demək deyil. Əgər belə bir düzəliş üçün siyahılar geri göndəriblərsə, bu, inkar, imtina demək deyil.
Bundan sonra hansı addımı atmalı olacağımız Ədliyyə Nazirliyinin verdiyi qərardan asılı olacaq. İndidən bunu söyləməyin mənası yoxdur. İndidən niyə məsələnin əks tərəfini düşünək?! Bizim üzərimizə düşən odur ki, nöqsanları düzəldək, yenidən siyahımızı təqdim edək. Artıq sonrakı mərhələdə hansı arqument gətiriləcəksə, hansı qərar qəbul olunacaqsa, ona uyğun da davranacağıq".
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli partiyasının işləri yekunlaşdırmaq üzrə olduğunu deyib:
"REAL parlamentdə təmsil olunan yeganə partiyadır ki, hər üç oxunuşda qanun layihəsinin əleyhinə səs verdi. Qəribəsi də budur ki, həmin qanun layihəsinin lehinə səs verən partiya sədrləri, Ədliyyə Nazirliyindən ilk müraciətlərinə imtina cavabı alan kimi qanun layihəsini tənqid etməyə başladılar. Bax, burada məntiqsizlik üzə çıxır. Əgər qanunla bağlı tənqidi fikirləri var idisə və burada nəzərdə tutulan müddəaların siyasi prosesə problemlər yaradacağını düşünürdülərsə, niyə lehinə səs verdilər. Biz işlərimizi yekunlaşdırırıq. Hələ təxminən 10 gün vaxtımız var. Yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Problem olacağını düşünmürəm".
N.Cəfərli yenidən imtina gələcəyi təqdirdə partiyasının tutacağı yoldan da bəhs edib:
"Biz də iradları və bəzi çatışmazlıqları nəzərə almışıq. Rəsmi məktubla Ədliyyə Nazirliyinin bəzi iradlarının doğru və qanunauyğun olmadığını bildirimişik. Mən düşünmürəm ki, 2-ci müraciətimizdə nəsə problem olsun. Amma hər halda onda da imtina gələrsə, sonuna qədər hüquqi yollardan istifadə edəcəyik. Bunun məhkəmə yolu var. Hüquqi prosesdurlar hansı imkanları verirsə, biz onlardan istifadə edib partiyanın yenidən qeydiyyatına nail olmaq istəyəcəyik. İlk müraciətimizdə 5118 üzv təqdim etmişdik. İkinci müraciətdə bu rəqəmi artıracağıq".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli bildirib ki, “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq, Vətəndaş Həmrəyliyi Partiyasının yenidən qeydiyyata alınması üçün tələb olunan partiya üzvlərinin reyestrinə düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim edib.
"Yeni siyahıda nazirliyin göstərdiyi qüsurları aradan qaldırılıb, partiya üzvü olmadığını bildirən və ölən şəxslərin adı siyahıdan çıxarılıb, digər partiyalarda təkrar olunan adlar dəqiqləşdirilib, təkrarlanan telefon nömrələri və şəxsi məlumatlar yenilənib", - S.Əsədli vurğulayıb.
Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır. Ədliyyə Nazirliyindən mənfi cavab gələn partiyalar aşağıdakılardır:
1. Respublikaçı Alternativ (REAL)
2. Müsavat
3. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
4. Ağ Partiya
5. Azərbaycan Demokrat Partiyası (ADP)
6. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
7. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
8. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
9. Milli Cəbhə Partiyası (MCP)
10. Gələcək Azərbaycan Partiyası (GAP)
11. Ümid Partiyası
12. Azadlıq Partiyası
13. Ədalət Partiyası
14. Azərbaycan Xalq Partiyası (AXP)
15. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
16. Azad Vətən Partiyası
17. Milli Dirçəliş Partiyası (MDHP)
18. Vəhdət Partiyası
19. Demokratik İslahatlar Partiyası
20. Böyük Azərbaycan Partiyası
21. Böyük Quruluş Partiyası