Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı yaxın gələcəyin gerçəkliklərinin başlanğıcı kimi tarixləşir. Bu, Azərbaycanda yaxın gələcəkdə kənd təsərrüfatının daha yüksək inkişaf səviyyəsinə nail olacağının zəmanətidir. Ölkə Prezidenti Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, “Bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı. Bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, Su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq”.
Qeyd edək ki,agentliyin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə imkan yaradacaqdır. Habelə yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına şərait yaranacaq. Bu da təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.
Bu gün Azərbaycanda həyata keçirilən bütün infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Xüsusilə də bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.
Göründüyü kimi, ilin qalan dövrü ərzində Azərbaycanda reallaşdırılacaq infrastruktur layihələri, dövlət başçısı tərəfindən irəli sürülən mühüm təşəbbüslər ölkəmizin sosial-iqtisadi tərəqqisini xeyli sürətləndirəcək, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaqdır.
Rövşən Məmmədov,
Salyan Suvarma sistemləri idarəsinin rəisi