XX əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şəraitdən istifadə edən bütün digər keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycan da öz dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Proseslər ictimai-siyasi şəraitdən, mental xüsusiyyətlərdən asılı olaraq və proseslərə təsir göstərə bilən tarixi şəxsiyyətlərin mövqeyi baxımından hər bir ölkədə fərqli cəhətləri ilə seçilir. Azərbaycanda da müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri və özünəməxsus xüsusiyyətləri vardır. Əsl tarixi həqiqət odur ki, Heydər Əliyev 1987-ci ildə SSRİ kimi nəhəng bir dövlətin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının Sovetlər Birliyinə inamı sarsıldı və məhz bu hadisə onun müstəqillik düşüncələrinə ilk təkan oldu. Çünki Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyinin birinci dönəmində (1969-1982-ci illər) qurucu lider kimi xalqın böyük rəğbətini qazanmışdı. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində həmin tarixdən sonra elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi. Respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər Heydər Əliyevin milli azadlıq ideyasına söykənirdi.
1990-cı il qanlı yanvar hadisələrindən bir neçə ay sonra gizli yollarla Naxçıvana gedən Heydər Əliyev noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi və sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Beləliklə də o, hələ Azərbaycan Respublikasının suverenliyinin hələ rəsmi bəyan olunmadığı bir vaxtda, SSRİ-nin saxlanması ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan verməyərək Naxçıvanda sovet rejiminın sonuna çıxdı və üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolun təməlini qoymuş oldu.
Nəhayət, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Bu sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Təəssüf ki, 1991-1993-cü illərdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayri-ayri mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxartdı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu olaylar daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqeyi ilə əlaqəli idi.
1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər.
Həmin dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıtması ilə hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımların atılmasından ibarət idi. Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor