Sülhməramlılara sərt xəbərdarlıq: "Ermənilərə verilən dərs bəs olmadı?"
Azərbaycan tərəfinin son iki ildə etdiyi bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya sülhməramlı qüvvələri bitərəflik prinsipinə əməl etmir.
Ermənistan ərazisindən silahlar sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası olan yeni Laçın dəhlizindən keçməklə Qarabağda ermənilərin yaşadığı bölgələrə daşınır. Həmin ərazilər də Rusiya hərbçilərinin müvəqqəti nəzarət zonasıdır. Orada silahlar Ermənistan ordusunun həl də qalmaqda olan birləşmələrinə və separatçı-terrorçu dəstələrə çatdırılır.
Ancaq Azərbaycanın bütün çağırışlarına rəğmən sülhməramlılar bu özbaşınalığın qarşısını almaq üçün heç bir tədbir görmür. Ona görə də Azərbaycan vəziyyətə müdaxilə edib Laçın şəhərindən yan keçməklə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edən yeni yolda nəzarət-buraxılış məntəqəsi quraşdırmaq hüququndan istifadə edə bilər.
Azərbaycan Müdafiə və Xarici işlər nazirliklərinin yaydığı bəyanatlarda da sülhməramlılara növbəti, bəlkə də sonuncu xəbərdarlıq kimi başa düşülə bilər.
Müdafiə Nazirliyinin bəyanatından aydın olur ki, Rusiya hərbi kontingenti nəinki silahların qanunsuz şəkildə Azərbaycan ərazisinə keçməsinə şərait yaradır, üstəlik Qarabağdakı tarixi toponimləri də erməniləşdirir.
Xarici İşlər Nazirliyinin bəyantında xüsusi vurğulanır ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 6-cı bəndini də kobudcasına pozub.
Belə ki, Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə edərək minaları Azərbaycan ərazisinə ötürüb. Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər və Laçın rayonları hissəsində və Qarabağ iqtisadi rayonu ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb.
Təbii ki, bu minaların 1609 ədədi sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın yolu vasitəsilə Qarabağa daşınıb. Yəni Rusiya hərbi kontingenti bu faktı gizlədib. Ona görə də Azərbaycan təhlükənin qarşısını almaq üçün yola nəzarəti ələ almaq və Qarabağdakı erməni silahlı birləşmələrini zərərsizləşdirmək üçün güc tətbiq etmək məcburiyyətindədir. Artıq ermənilər özləri də bunu dolayı yolla etiraf edir.
Ermənistan Milli Məclisinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan Azərbaycan tərəfinin yolda nəzarət-buraxılış məntəqəsi quraşdırmaq istədiyini deyib.
“Son günlər Ermənistan hakimiyyəti Laçın dəhlizi ətrafında problemin kəskinləşməsi ilə bağlı həyəcan təbili çalır. Xüsusilə də Azərbaycanın onu ya bağlayacağından, ya da orada nəzarət-buraxılış məntəqəsi yerləşdirəcəyindən ehtiyatlanır”, - deyə Abrahamyan bildirib.
Əslində, Ermənistanın narahatlığının səbəbi aydındır. Çünki Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdıracağı təqdirdə, yeni yola nəzarəti də ələ alacaq. Bu halda Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı dəstələrlə əlaqəsi kəsiləcək. Nəticədə, Ermənistan orsduunun sülhməramlı qüvvələrin müvəqqəti nəzarət zonasındakı qalıqlarını və terrorçu dəstələri ləğv etmək asan olacaq. Azərbaycan bölgədə sabitliyi özü bərqərar edərsə, sülhməramlıların növbəti 5 il müddətinə bölgədə qalmasına ehtiyac olmayacaq.
Ötən iki ilin təcrübəsi də təsdiq edir ki, sülhməramlılar Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsində suverenliyini təmin edilməsinə mane olan əsas amillərdən biridir. Rusiya hərbi kontingeninin fəaliyyəti Kremlin bölgədəki geosiyasi maraqlarını təmin etmək və separatçı rejimi himayə etməkdən ibarət olub. Yəni sülhməramlılar təhlükəsizlik missiyası adı altında potensial münaqişə ocağı formalaşdırmaqla məşğul olub. Əslində, Qarabağdakı mülki azərbaycanlı və erməni əhalinin təhlükəsizliyinin təmin olunması ilk növbədə, qanunsuz silahlı birləşmələrin ləğvinə bağlıdır. Bu baş verərsə, sülhməramlılara ehtiyac qalmaz və bölgədə təhlükəsiliyi Azərbaycan özü də həyata keçirə bilər.
DİA.AZ-ın məlumatına görə, politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, sülhməramlılar Azərbaycan ərazisində olduğunu nəzərə almalıdır:
“Ona görə də bölgədə baş verən proseslər Azərbaycan dövlətinin nəzarətində olmalıdır. Eyni zamanda, sülhməramlıların fəaliyyət göstərdiyi ərazidə ermənilər Azərbaycanın maraqlarına zidd addım atarlarsa, buna qarşı cavab tədbiri görülməlidir.
“Biz Fərrux dağının ətrafında bunun şahidi olmuşuq. Eləcə də avqust ayının 2-3-də baş verən hadisələri xatırlayaq. Erməni terrorçuları Azərbaycanın bir əsgərini şəhid etdilər və ordumuzun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində ermənilər 40-dan artıq itki verdi. Bu onlara xəbərdarlıq idi ki, hədlərini aşmasınlar. Belə təxribatların çoxu Rusiya sülhməramlılarının ya razılığı ilə, ya da xəbəri olmasından qaynaqlanır. Onların bu təxribatdan məlumatı olmadığı inandırıcı görünmür. Çünki onların vəzifəsi ilk növbəti bölgədə nəzarəti təmin etmək və humanitar məsələləri həll etməkdir. Amma biz görürük ki, onlar hədlərini aşırlar, silah-sursatın daşınmasında iştirak edirlər.
Hətta Fransada prezident seçkilərində namizəd kimi iştirak edən Pekres İrəvandan keçib Xankəndinə gəldi. Bunu sülhməramlılar görmürdü? Əlbəttə, görürdü. Biz yaxşı bilir ki, onların əl-ayağını hansı vasitələrlə bağlayırlar. Bu, həm bolluca tut arağının, həm rüşvətin verilməsi ilə baş verir. Beləliklə, sülhməramlılar dağıdıcı proseslərə rəvac verir. Biz dəfələrlə demişik ki, Azərbaycan lazım gələrsə, Laçından çəkdiyi yeni yolda nəzarət-buraxılış postları quracaq. Hələ ki, biz bu xəbərdarlığı etmişik. Sülhməramlılar hətta Azərbaycana məxsus toponimləri də erməncə səsləndirirlər. Onlar Azərbaycan ərazisində fəaliyyət göstərdiklərinə görə, bizim qanunlara əməl etməli, milli yer adlarımızı düzgün ifadə etməlidir.
Hesab edirəm ki, sülhməramlıların laqeydliyi və rüşvətə meyilliyi bu özbaşınalığa şərait yaradır. Bunun nəticəsi pis ola bilər. Çünki Azərbaycan tərəfi onlara xəbərdarlıq edib ki, sülhməramlılar vaxtından əvvəl ölkəmizin ərazisini tərk etsinlər. Burada əsas məsuliyyət sülhməramlıların komandanı general Andrey Volkovun üzərinə düşür.
O, Azərbaycanın xəbərdarlığından, yanaşmasından nəticə çıxartmalıdır. O, rəhbərlik etdiyi hərbi kontingentin davranışlarına korrektələr etməlidir. Biz onların oyunbazlığına, separatçılarla işbirliyinə göz yummayacağıq. Azərbaycanın tələbləri həm dövlətimizin, həm də beynəlxalq qanunvericiliyə uyğundur”.
Qeyd edək ki, ermənilər Laçın yolu vasitəsilə silah-sursatın Qarabağ daşınmasını əsaslandırmaq üçün absurd iddialar səsləndirir. 10 noyabr Bəyanatında guya hərbi təyinatlı yüklərin daşınmasını qadağan edən razılaşmanın olmadığına dair fikir ortaya atılıb.
Tofiq Abbasovun sözlərinə görə, sülhməramlıların fəaliyyəti humanitar məsələlərlə məhdudlaşır:
“Silah və sursatın daşınmasına icazə verən razılaşma isə olmayıb. Sülhməramlılar Azərbaycan ərazisində yerləşdirilib ki, toqquşmalar olmasın. Ordumuzun ermənilərə verdiyi dərslər bəs olmadı? Nə qədər mina gətirsələr də Qarabağ Azərbaycan torpağıdır və bizim qanunlara hörmət etməlidirlər. İstəməyənlər çıxıb getsinlər. Amma birzimlə birgə yaşamaq istəyənlər də var. Onlara mane olanlar arasında sülhməramlıları da görmək olar. Ona görə də sülhməramlılar dərinə getsələr biz sərt tədbirlər görəcək”.