
1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın o dövr ki ağır, mürəkkəb və gərgin vəziyyətinə baxmayaraq bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş və öz fəaliyyətində həmişə xalqa arxalanaraq ən çətin anlarda ona müraciət etmişdir. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. İlk gündən Ümummilli Lider xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkəni dirçəlmiş və inkişaf etmiş qüdrətli dövlət kimi millətinə bəxş etdi. əzm və səbrlə davam etdirilir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Azərbaycan xalqının məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Təhminə Kərimova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı