Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkəni strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdi.
Ulu Öndər Heydər Əliyev özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük vermiş, “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı hakimiyyətdə olduğu bütün dövrlərdə cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.
Xalqa həsr edilmiş şərəfli ömür sürən Ümummilli Lider Heydər Əliyev yalnız və yalnız xalqa arxalanmış, yalnız xalqı üçün çalışmışdır. Təsadüfi deyil ki, o hər zaman “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” demişdir. Və yalnız bu amala sahib olan insan Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıya, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxara, hələ sağlığında ikən canlı əfsanəyə çevrilə bilərdi. Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir.
Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Dahi siyasətçi inanırdı dediklərinə, etimadı böyük idi İlham Əliyevə və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O çətin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi.
Füzuli Nəcəfov,
Salyan rayon I Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə