“Bu gün atamın doğum günüdür. Şükür Allaha ki, səhhəti yaxşıdır. Düzdü, yaşlı adamdır, anam on il öncə rəhmətə getdiyi üçün atam bizimlə yaşayır. Onun yanında oluruq. Televiziyadan da istədilər ki, gəlib onun haqqında süjet çəksinlər, amma pandemiyaya görə istəmədim”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, qaboy ifaçısı Kamil Cəlilovun qızı Gülşən Cəlilova deyib. Gülşən xanım atasının yaradıcılığından da söz açıb:
“Çəkiliş qrupunun evdə olmasına görə narahat oluram, çalışıram ki, atamı pandemiyadan qoruyum. Amma özüm müsahibə verdim və bu haqda süjet yayımlayacaqlar. Atamın “Azərbaycan təranələri” ifası var və onu da Ulu Önər Heydər Əliyevə həsr edib. Heydər Əliyev deyirdi ki, “Kamil Cəlilovun ifasında “Azərbaycan təranələri”ni dinləyəndə elə bil ki, Azərbaycanın xəritəsi gözümün önünə gəlir. Elə bil ki, zirvədə dayanıb Azərbaycanı seyr edirəm. Kamil Cəlilov virtouz, novator sənətkardır”.
Səksən illik yubileyində “Şərəf” ordeniylə təltif edildi. İndi atam deyir ki, ay qızım, səksən beş yaşıma Allah ömür versin “İstiqlal” ordenimi də alım. Heydər Əliyev atamı Həcc ziyarətinə göndərdi. Rəhmətlik akademik Vasim Məmmədəliyevlə birlikdə ziyarətə getdilər. Atam həmişə insanlara əl tutub, kömək edib. Heç kimin qəlbinə dəyməyib”.
Qeyd edək ki, Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub.