“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!

Tarix:17-01-2022, 01:00 Baxış Sayı:58 Kateqoriya:gundem / cemiyyet

“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!

Qazaxıstanda kütləvi etirazların kuliminasiya mərhələsinin artıq keçməsinə baxmayaraq, bu mövzu hələ uzun müddət siyasətçilərin, politoloqların və ekspertlərin diqqət mərkəzində qalacaq. DİA.AZ xəbər verir ki, Azərbaycanın tanınmış siyasi analitiki Rauf Mirqədirov Qazaxıstanda baş verən proseslər və digər məsələlərlə bağlı fikirlərini AYNA ilə bölüşüb.

- Qazaxıstanda nə baş verdi? Əvvəlcə heç bir fəlakət siqnalı yox idi, ancaq aydın səmanın ortasında sanki ildırım çaxdı. Sosial-iqtisadi tələblərlə başlayan mitinqlər çox keçmədən nəzarətdən çıxdı və fərqli xarakterli kütləvi iğtişaşlara çevrildi. Sizcə, bu, kortəbii bir hadisə idi, yoxsa iğtişaşların arxasında müəyyən qüvvələr dayanırdı?

- Avtoritar rejimlərin hökm sürdüyü dövlətlərdə belə xalq etirazları, kataklizmlər qaçılmazdır. Avtoritar rejimlərdə cəmiyyətdə yaranan münaqişələrin, bəlkə də, onların vasitəsilə həllini təmin edən siyasi institutlar, hüquqi prosessual mexanizmlər yoxdur. Mənə etiraz edilə bilər ki, bu cür münaqişələr demokratik ölkələrdə də müşahidə olunur, məsələn, Fransadakı “sarı jiletlilər” hərəkatı iğtişaşlarla, o cümlədən polislə toqquşmalarla müşayiət olunur. Amma bu misalda biz görürük ki, ölkədə müəyyən hüquqi mexanizmlər, siyasi institutlar var ki, onların vasitəsilə belə münaqişələr seçki yolu ilə həll olunur. Avtoritar rejimlər isə belə institut və mexanizmlərin yaradılmasına imkan vermir.

Qazaxıstandakı vəziyyətə nəzər salaq. Bu ölkədə siyasi strukturlaşmamış bir sistem var. Avtoritar hakimiyyət, şəxsiyyətə pərəstiş, tam siyasi müxalifətin olmaması mövcuddur və seçki yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq imkanı yoxdur. Avtoritar hakimiyyət şəxsiyyətə pərəstiş yaratdığından ölkədə böyük nüfuza malik ictimai xadimlər şəklində ictimai institutlar belə, yoxdur.

Və nəticədə bu cür xalq üsyanları böyük toqquşmalara gətirib çıxarır, çünki kütlələrin onlara nəzarət edə biləcək fərdi və ya siyasi qüvvənin simasında lideri yoxdur. Məhz buna görə də Qazaxıstanda kütləvi etirazlar çoxsaylı insan tələfatına səbəb olub. Avtoritarizmi təcəssüm etdirən şəxsə qarşı yönəlmiş bu iğtişaşların son məqsədi isə hakimiyyət dəyişikliyidir. Yəni avtoritar hakimiyyətin idarə etdiyi istənilən ölkədə bu hadisələr qaçılmazdır.

Amma bu, heç də o demək deyil ki, Qazaxıstanda müşahidə etdiyimiz hadisələr heç bir mərkəzdən idarə olunmayan kortəbii proseslərdir. Ümumiyyətlə, həm Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, həm də Rusiya dövlətinin başçısı Vladimir Putin bir şeydə haqlı idilər - Qazaxıstanda xarici təcavüz faktoru var. Amma bütün məsələ ondadır ki, xarici təcavüz Qərbdən deyil, Rusiyadan gəlib.

- Nəticələriniz nəyə əsaslanır?

- Gəlin, Qazaxıstandakı faciəvi proseslərdən əvvəl baş verən hadisələri təhlil etməyə çalışaq. Təxminən il yarım əvvəl Rusiya Konstitusiyasına dəyişikliklər ərəfəsində Prezident Vladimir Putin faktiki olaraq Rusiya rəhbərliyinin postsovet məkanında siyasətini əvvəlcədən müəyyən edən bir neçə tezislə çıxış etdi. Mən sizə iki tezisi xatırlatmaq istərdim:

Birincisi, Putin Sovet İttifaqının dağılmasının və hüquqi baxımdan milli respublikaların ayrılmasının qeyri-legitim proses olduğunu söylədi. Yəni o, postsovet məkanında yaradılan yeni dövlətlərin müstəqilliyinin legitimliyini şübhə altına aldı;

İkinci, Rusiya Federasiyasının rəhbəri qeyd etdi ki, ölkələr Rusiyadan aldıqları torpaqlarla SSRİ-ni tərk edib. Açıq şəkildə bildirdi ki, gediblərsə, getsinlər, amma Rusiyadan hədiyyə olaraq aldıqları torpaqları geri qaytarsınlar. Əslində, bu bəyanat demək olar ki, bütün keçmiş Sovet respublikalarına ən yüksək səviyyədə ərazi iddiaları demək idi. O zaman əvvəlcə, guya Sibirin bir hissəsi pay verilmiş Qazaxıstanı, sonra Ukrayna, Belarus və s. xatırladılar. Bu amil əslində Rusiya siyasi elitasının Qazaxıstana münasibətini əvvəlcədən müəyyən edirdi.

Bundan əlavə, son bir ildə Rusiya ilə Qazaxıstan arasında münasibətlərdə qəribə hadisələr baş verib. Bir tərəfdən, ictimaiyyət qarşısında tərəflər bir-birilərinə aralarında mövcud olan müttəfiqlik münasibətlərinə əbədi sədaqətlərini bəyan etdilər. Amma digər tərəfdən, iqtidaryönlü Rusiya KİV-lərinin nəşrlərinə nəzər salsanız, Qazaxıstana qarşı aparılan təbliğat kampaniyasını aydın görmək olar. Bu kampaniyanın mahiyyəti ondan ibarət idi ki, Qazaxıstanda rusofobiya mövcuddur, rus dili sıxışdırılır, vətəndaşlara bu dildə danışmağa qadağa qoyulur, rusiyapərəst fəallar dəmir barmaqlıqlar arxasına salınır. Yəni Qazaxıstanın anti-Rusiya imici sistemli şəkildə formalaşdırılıb.

Və nəhayət, Qazaxıstandakı hadisələrin birbaşa xəbərçisi olan bir hadisəni xatırlatmaq istərdim. Dekabrın 28-29-da Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü baş tutub. Görüşdə maraqlı epizod yaşanıb. Bildiyiniz kimi, MDB-nin yaradılmasının, postsovet məkanında, o cümlədən Avarasiya İttifaqına inteqrasiya proseslərinin təşəbbüskarlarından biri olan Nursultan Nazarbayev də yuxarıda qeyd olunan görüşdə iştirak edib. Belə ki, dövlət başçılarının iştirakı ilə ənənəvi fotosessiya baş tutmalı idi. Hamı sıraya düzülüb, Putin və Tokayev Nazarbayevi digərləri ilə şəkil çəkdirməyə dəvət etsə də, o, bundan imtina edib.

İlk baxışdan bu, əhəmiyyətsiz bir məqamdır. Ancaq bu, yalnız ilk baxışdan belə görünür. Yeni ildən dərhal sonra, Yeni il bayramları başlayan kimi bu hadisələr baş verir. Bəziləri etirazların başlamasını maye qazın bahalaşması ilə əlaqələndirirlər. Hətta Azərbaycanın timsalında da görə bilərik ki, qiymətlər əsasən Yeni il bayramları ərəfəsində bahalaşır. Bu, vətəndaşların Yeni il tətillərinə getməsi səbəbindən ictimai etirazın qızğınlığını azaltmaq üçün tətbiq olunur. Bu zaman insanlar etiraz etməyə hazır deyillər, dincəlmək istəyirlər.

Qazaxıstan hökuməti də bu ənənəvi variantdan istifadə edib. Hesab ona idi ki, bayramlarda içkili, şənlikli günlərdə insanlar etiraz etməyəcək, gərginlik səngiyəcək. Lakin Qazaxıstanda bunun əksi baş verdi. Digər tərəfdən, bayramda asayiş qüvvələri də rahatlaşır, dincəlmək və Yeni ili qeyd etmək istəyirlər. Yəni belə məqamdan ancaq xarici qüvvələr yararlana bilərdi.

Sual yaranır: belə etiraz hərəkatını kim təşkil edə bilərdi? Bu, Qərb üçün sərfəli deyildi ki, onun postsovet məkanının Avropa hissəsində artıq Rusiya ilə ciddi problemləri var. Bunlar Gürcüstan, Ukrayna, Moldova və Belarusdur. Qərbin mövqeyinin o qədər də güclü olmadığı Asiya hissəsində növbəti gərginlik ocağı yaratmaq onun üçün sərfəli deyil. Üstəlik, orada Rusiyadan başqa, Çinin timsalında daha bir güclü oyunçu var. Bu, birinci faktordur.

İkincisi, Qazaxıstanın xarici siyasətinin ümumən Rusiyayönümlü olmasına baxmayaraq (postsovet məkanında inteqrasiya proseslərində fəal iştirak, Rusiyanın maraqlı olduğu MDB, Aİİ, KTMT, ŞƏT-ə üzvlük var), Qərblə, o cümlədən ABŞ-la tərəfdaşlıq əlaqələri baxımından həmişə bərabər hüquqa malik olub. Yəni ölkədə sabitliyi pozmaq Qərbin maraqlarına uyğun deyildi. Üstəlik, artıq qeyd etdiyim kimi, Qərbin bu regionda vəziyyəti dəyişmək üçün böyük resursları yoxdur.

Ancaq Rusiya ilə bağlı vəziyyət tamamilə fərqlidir. Bu gün Putinin Qərbə bir addım belə, geri çəkilməyəcəyini, Rusiyanın irəliləyəcəyini nümayiş etdirməsi çox vacibdir. Qərb ya Rusiyanın postsovet məkanına hücumu ilə barışmalıdır, ya da Putin böyük müharibə ilə şantaj edir. Moskvanın 2008-ci ilin avqustunda Gürcüstana qarşı başlatdığı bu taktikadan Putin indi də istifadə edir. O zaman Qərb bir növ buna dözdü, Gürcüstanın o vaxtkı Prezidenti Mixail Saakaşvilini Rusiyanı təxribata çəkməkdə ittiham etdi. Daha sonra 2014-cü il - Ukrayna. Qərb yenidən Krımın ilhaqı və Ukraynanın şərqinin bir hissəsinin işğalı ilə barışdı və s.

Bu gün Rusiya istəyir ki, birincisi, Qərb onun postsovet məkanına müstəsna hüququnu hüquqi cəhətdən tanısın. İkincisi, Rusiyanın müəyyən təsir zonasını müəyyən edən belə bir hüquqi müqavilə bağlanarsa, o zaman Qərblə münaqişə nizamlanmış sayılır və anti-Rusiya sanksiyaları götürülməlidir. Bu, Rusiyanın xarici siyasətinin geosiyasi tərkib hissəsidir.

Onu da qeyd edək ki, Rusiyanın Qazaxıstanda çox ciddi resursları var. Yalnız sadəlövh adam güman edə bilər ki, Qazaxıstanda hüquq-mühafizə orqanları sistemində, hüquq-mühafizə orqanlarında və sairdə Rusiyanın təsir agentləri və ya konkret sifarişi yerinə yetirən birbaşa agentləri olmayıb. Əslində, postsovet məkanının dövlətlər sistemi rus agentləri ilə doludur. Və bu, ictimai mühitdə, mediada və sairdə belədir. Xatırlatmaq istərdim ki, bu yaxınlarda Moskvanın agentləri olan ictimai xadimlərin, jurnalistlərin, hətta dövlət xadimlərinin siyahısı ictimailəşmişdi.

Bir sözlə, Rusiya Qazaxıstanda vəziyyəti yaxşıca destabilləşdirə və idarə edə bilərdi. Söhbətin əvvəlinə qayıdaraq, bir daha deyirəm ki, avtoritar rejimlərdə belə proseslər qaçılmaz olsa da, onları qəsdən təhrik etmək, idarə etmək olar. Və vaxtından əvvəl yalnız Rusiya bu cür kataklizmləri təhrik edə bilərdi - xüsusi xidmət orqanları, təhlükəsizlik qüvvələri və digərləri vasitəsi ilə. Rusiya tərəfinin sonrakı davranışı isə dediklərimin sübutdur.

Qazaxıstanda xalq etirazları və ya iğtişaşlar başlayandan dərhal sonra (baş verənləri necə adlandırmaq hər kəsin öz ixtiyarındadır) Rusiya tərəfi çox qısa müddətdə özünü barəsində neytrallıqillüziyasını yaratdı. Bildirildi ki, Moskva hadisələri izləyir, bu, Qazaxıstanın daxili işidir və onlar bu proseslərə qarışmayacaqlar. İlk baxışdan bu, tamamilə normal reaksiyadır, amma... Əslində, iki gün sonra Prezident Tokayev Qazaxıstana kənardan müdaxilə olduğunu iddia edərək, kömək üçün KTMT-yə müraciət etdi. Baxmayaraq ki, hələlik bu ölkəyə qarşı təcavüzə dair heç bir sübut təqdim edilməyib. Qazaxıstan ərazisinə müxtəlif yollarla daxil olduğu iddia edilən 20 min terrorçu barədə də heç bir sübut təqdim olunmur.

Yeganə “sübut” qırğız cazmenin bütün günahlarını etiraf etməsi olub. Bu baxımdan Sovet dövründən qalan bir lətifə yada düşür. Bir kolxozçu partiyaya qəbul olunur və “raykom”un birinci katibi soruşur: “Kapital”ı kim yazıb? Kolxozçu söhbətin nədən getdiyini bilmir və cavab verir: “Mən yazmamışam”. Sonra birinci katib DTK sədrinə üz tutur ki, “Kapital”ı yazanın kimliyini zavallıya başa salsın. Bir neçə saatdan sonra DTK sədri birinci katibə zəng vurur və bildirir ki, kolxozçu etiraf edib ki, “Kapital”ı məhz o yazıb... Təxminən eyni səhnə qırğız cazmeni ilə də təkrarlanıb: 200 dollar müabilində insan öldürdüyünü, qarət etdiyini və s. etiraf etdi. Onlar daha çox təzyiq etsələr, yəqin ki, özünün Üsamə bin Laden olduğunu da etiraf edərdi.

Başqa bir məqama nəzər salaq. Prezident Tokayevin KTMT-yə müraciətinə hansı rejimdə baxılıb? Xatırladım ki, 44 günlük müharibə zamanı Nikol Paşinyanın təmsil olunduğu Ermənistan iki dəfə KTMT-yə müraciət etsə də, nəticəsi olmayıb. Bu qurumdan cavab verirdilər ki, “biz məsələni öyrənirik, hadisələrin inkişafını izləyirik”. Nəticədə döyüşlərin Azərbaycan ərazisində getdiyini və buna görə də KTMT-nin müdaxilə etməyə haqqı olmadığını bildirdilər. Reaksiyanın ikinci, hətta üçüncü şəxslər səviyyəsində olması faktı da vacibdir.

Amma Qazaxıstanda vəziyyət fərqli idi. Paşinyan KTMT-nin hazırkı sədri olduğu üçün dərhal bu məsələni dövriyyəyə buraxır və ən yüksək səviyyədə məsləhətləşmələrə başlayır. Və bir neçə saatdan sonra KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edilir. Yəni, Paşinyanın bunu öz təşəbbüsü ilə etdiyinə inanmaq sadəlövhlükdür və bu cür əməliyyatların hazırlanmasına az-çox bələd olanlar başa düşürlər ki, belə qərarlar bir-iki saata verilmir. Bu isə o deməkdir ki, əməliyyat çoxdan hazırlanıb və qoşun göndərmək qərarı hazır olub - bəlkə də bütün bu hadisələr başlamazdan əvvəl.

Təbii ki, paralel olaraq Qazaxıstan hakimiyyətinin, hakim elitanın da öz daxili problemlərini həll etməsi faktına göz yummaq olmaz. Tokayev Nazarbayevin bütün əlaltılarından, ona yaxın adamlardan qurtulmaq qərarına gəldi. Bir sözlə, bu məsələdə KTMT-nin reaksiyası və praktiki icrası operativ şəkildə baş verdi. Bu isə onu deməyə əsas verir ki, Moskva bu ssenariyə hazır idi və üstəlik, mən bunun Kremldə planlaşdırıldığına tam əminəm.

- Qazaxıstanda hadisələr başlayandan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, analoji hadisələr Özbəkistanda da təkrarlana bilər. Niyə məhz Özbəkistan?

- Niyə Qazaxıstan hadisələrindən dərhal sonra Özbəkistanı xatırladılar? Bu suala yuxarıda qismən cavab verdim. Putin öz qətiyyətini Qərbə nümayiş etdirməlidir. Onlar Özbəkistanı ona görə xatırladılar ki, birincisi, bu ölkə Moskvadan ilhamlanan, qaynaqlanan hər hansı inteqrasiya prosesindən qaçır. Özbəkistan hələ də KTMT-dən kənarda qalmağa çalışır.

İkincisi, bir şeyi də xatırlamaq lazımdır. Heç kimə sirr deyil ki, (amerikalılar bu barədə açıq danışırlar) ABŞ Mərkəzi Asiyanın keçmiş Sovet respublikaları ərazisinə öz qoşunlarının, ilk növbədə aviasiyasının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır. Özbəkistan isə belə danışıqların aparıldığı ölkələrdən biridir. Və çox güman ki, Qazaxıstan da.

Nəzərinizə çatdırım ki, Rusiya bir neçə dəfə Mərkəzi Asiyadakı tərəfdaşlarını heç bir bəhanə ilə Amerika qoşunlarının və digər qüvvələrin bu dövlətlərin ərazisinə yerləşdirilməsinə imkan verməməyə açıq şəkildə çağırıb. Bunun bəhanəsi Əfqanıstanda baş verən hadisələrdir. Amerikalılar Mərkəzi Asiyada yaratmaq istədikləri hərbi bazalar vasitəsilə Əfqanıstandakı prosesləri nəzarətdə saxlamağa və hadisələrə operativ reaksiya verməyə çalışırdılar. Yəni, əslində, Belarus Prezidenti Aleksandr Lukaşenkonun dili ilə Putin həm Rusiya, həm də ABŞ-la münasibətlərdə hələ də neytrallığı qorumağa çalışan Özbəkistanın rəhbərinə xəbərdarlıq edir ki, onun üçün seçim etməyin vaxtı çatıb. Hesab edirəm ki, bu deyilənlər eyni dərəcədə Azərbaycana da aiddir.

- Maraqlıdır ki, Qazaxıstan Rusiya və NATO nümayəndələrinin görüşü ərəfəsində alovlandı. Təsadüfdür, yoxsa bunun hansısa əlaqəsi var?

- Bu yerdə ABŞ, NATO və Rusiya arasında danışıqların əsas mövzusunu xatırlatmaq lazımdır. Moskvanın əsas iddiası NATO-nun öz infrastrukturunu Rusiya sərhədlərinə doğru yerləşdirməsi ilə bağlıdır. Çoxları hesab edir ki, söhbət Ukraynadan, Gürcüstandan, onların NATO-ya üzvlüyündən gedir. Amma əslində hesab edirəm ki, Ukrayna və Gürcüstandan başqa Azərbaycan bu sırada üçüncüdür. Unutmaq olmaz ki, Türkiyə NATO-nun üzvüdür və Azərbaycanla Türkiyə arasında hərbi sahədə istənilən əməkdaşlıq Moskvanın həddindən artıq qıcıqlanmasına səbəb olan elementdir.

Bəli, bu gün Ankara ilə Moskva arasında dostluq, demək olar ki, qardaşlıq münasibətləri mövcuddur, lakin nəzərə almaq lazımdır ki, Türkiyə Şimali Atlantika Alyansından çıxmaq fikrində deyil və Türkiyə Silahlı Qüvvələri NATO infrastrukturunun tərkib hissəsidir. Sonda hakimiyyətlər dəyişir, amma dövlət, onun maraqları qalır. Və heç də fakt deyil ki, növbəti seçkilərdən sonra Rusiya ilə əlaqələrə üstünlük verən, hətta bəzən mənə elə gəlir ki, şəxsi maraqlarını həm Türkiyənin, həm də bütün türk xalqının maraqlarından üstün tutan Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə qalacaq.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan-Rusiya münasibətlərini kifayət qədər müsbət qiymətləndirdi. O, həmçinin bəzi narazılıqlarını bildirsə də, ümumilikdə Qarabağdakı sülhməramlıların fəaliyyətindən müsbət danışıb. Amma hesab edirəm ki, Rusiyanın Azərbaycana əsas iddiası Azərbaycan-Türkiyə hərbi sahədə əməkdaşlığıdır. Rusiyanın Azərbaycan-Türkiyə hərbi təlimlərinə, o cümlədən Qarabağ bölgəsində, məsələn, Laçında keçirilən təlimlərə necə ağrılı reaksiya verdiyini xatırlatmaq kifayətdir.

- Yeri gəlmişkən, Qazaxıstandakı etiraz aksiyaları təəccüblü şəkildə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə üst-üstə düşdü. Bu iki hadisə arasında hər hansı əlaqə görürsünüzmü?

- Artıq qeyd etdiyim kimi, bizim Rusiya ilə kifayət qədər ciddi problemlərimiz var. Və son günlər Azərbaycan-Ermənistan sərhədində yenidən toqquşmalar baş verir. Amma mən hesab edirəm ki, sərhəddə gərginliyin artmasını birbaşa Qazaxıstan hadisələri ilə əlaqələndirməyə dəyməz. Baxmayaraq ki, aydındır ki, Moskva sanki İrəvanı və Bakını manipulyasiya etməyə çalışır. Üstəlik, Paşinyanın Putin qarşısında müəyyən xidmətləri var. O, KTMT bayrağı altında Qazaxıstana qarşı təcavüzü operativ şəkildə rəsmiləşdirdi. Ermənistan Rusiya ilə dost oldu. Və bildiyiniz kimi, istənilən borc gec-tez ödənilməlidir.

Yəni, prinsipcə, Putin Paşinyana daxili siyasi situasiyada mövqelərini gücləndirmək üçün müəyyən bonuslar verə bilər. Məsələn, bu, bəlkə də Ermənistan cəmiyyətini Rusiyanın Ermənistanın etibarlı müttəfiqi olduğuna inandırmaq üçün Azərbaycana təzyiqlər şəklində ola bilər. Amma ümumilikdə Azərbaycan və onun müstəqilliyi üçün əsas təhlükə ərazimizdə olan rus qoşunlarıdır. Düzdür, bu, rsəmi olaraq, etiraf edilmir, amma həqiqətdir.

- Belə bir vəziyyətdə biz nə etməliyik?

- İlk növbədə, istər dövlət, istərsə də digər strukturlarda, məsələn, vətəndaş cəmiyyəti, media və sairdə təsir agentlərindən və ümumilikdə Rusiya agentlərindən qurtulmaq lazımdır. Artıq qeyd edildiyi kimi, onların sayı hesabsız dərəcədə çoxdur.

İkincisi, özünü hərbi baxımdan qorumaq lazımdır. Bu isə o zaman mümkündür ki, Azərbaycan Türkiyə ilə hərbi ittifaq bağlasın və öz ərazisini Türkiyə hərbi bazaları üçün təqdim etsin. Yalnız birbaşa qanlı müharibə təhlükəsi Putini Azərbaycanla bağlı hər cür avantüralardan çəkindirə bilər. Bütün digər hallarda, gələcəkdə sərgüzəştlər qaçılmazdır. Putin Azərbaycanı Rusiyanın təsir dairəsinə tam cəlb etməyə çalışacaq və Bakını ümumilikdə bu və ya digər formada imperiyanı dirçəltməyə yönəlmiş kifayət qədər sıx inteqrasiya proseslərində iştirak etməyə məcbur edəcək. Üstəlik, bu vəziyyətdə prosesə hansı adın qoyulacağının heç bir əhəmiyyəti yoxdur.

Üçüncüsü, siyasi islahatlara, ölkə daxilində vətəndaş harmoniyası mühitinin yaradılmasına ehtiyac var. Təəssüf ki, biz bunu görmürük. Yenə də deyirəm, belə siyasi institutların olmadığı yerdə kataklizmlər qaçılmazdır.

- Gəlin, Qazaxıstana qayıdaq. Bu ölkədə proseslərin gələcək inkişafını necə görürsünüz? Bütün baş verənlərdən sonra daxili və xarici siyasi mənzərə necə inkişaf edəcək?

- Çox güman ki, elan olunduğu kimi, KTMT-nin sülhməramlı qüvvələri tədricən Qazaxıstandan çıxarılacaq. Bu proses artıq başlayıb. Qırğızıstan artıq qüvvələrini geri çəkib, Belarus və başqaları da onun ardınca gedəcək. Sonda, Rusiya kontingenti qalacaq, nəticədə o da ölkədən çıxarılacaq.

- Moskva nə tələb edə bilər? Ümumiyyətlə, Qazaxıstana tələblər paketi Rusiya tərəfindən səsləndirilib. Bu, hərbi bazaların, Qazaxıstanın şimalında rus muxtariyyətinin yaradılması, rus dilinə ikinci dövlət dili statusunun verilməsidir. Bu tələblər nə dərəcədə realdır?

- Çox güman ki, muxtariyyət yaradılması və ya şimal torpaqlarını Qazaxıstandan qoparmaq cəhdi uzunmüddətli layihədir. Və çətin ki, Kreml indi onu həyata keçirməyə çalışsın. Baxmayaraq ki, müəyyən şərtlər daxilində Putin “divara dirənsə” yuxarıdakı layihəni, necə deyərlər, operativ şəkildə həyata keçirə bilər. Lakin əgər Rusiya Qazaxıstanı müttəfiq kimi saxlamaq istəyirsə, o zaman belə bir qərar məntiqsiz olardı. Bu, Qazaxıstanda böyük anti-Rusiya çıxışları dalğasına səbəb olacaq və hətta KTMT qoşunları belə, onları yatıra bilməyəcək.

Bununla belə, daha bir nüans var. Çox güman ki, Rusiya gürcü versiyasından istifadə etməyə çalışacaq. Vaxtilə Rusiya ilə Gürcüstan arasında hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalanandan sonra Kreml Gürcüstandan qoşunlarını çıxarmalı oldu. Amma Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıdı və onun tanıdığı “hökumətlərin” dəvəti ilə qoşunlar bu ərazilərdə hərbi baza statusunda qaldı. Ona görə də, fikrimcə, Rusiya Qazaxıstanda hərbi cəhətdən möhkəmlənməyə, yəni Qazaxıstan hakimiyyətini daimi əsaslarla Rusiya hərbi bazalarının yaradılması ilə bağlı hansısa saziş imzalamağa məcbur etməyə çalışacaq.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ