Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?

Tarix:20-07-2021, 18:57 Baxış Sayı:75 Kateqoriya:gundem / cemiyyet

Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?

Bu gün – iyul ayınln 20-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq, əsas diqqət isə Qarabağla bağlı razılaşmalara veriləcək.

Ovqat.com xəbər verir ki, məlumatı dünən Kremlin mətbuat xidməti yayıb.

Məlumatda deyilir:

"20 iyulda Moskvada Rusiyada işgüzar səfərdə olacaq Azərbaycan Respublikasının Prezidenti Əliyevlə Rusiya Prezidenti Putin arasında danışıqlar keçiriləcək. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, o cümlədən, ticarət, investisiya və humanitar əməkdaşlığa dair əsas məsələlərə müzakirəsi planlaşdırılır. Bundan əlavə, liderlərin aktual regional problemlər barədə fikir mübadiləsi aparması gözlənilir”.

Məlumatda həmçinin vurğulanır ki, prezidentlərin görüşündə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində imzaladıqları Dağlıq Qarabağla bağlı Bəyanatın həyata keçirilməsinin praktiki aspektlərinə, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişaf etdirilməsi öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək.

Liderlərin əvvəlcədən planlaşdırılmayan görüşləri ərəfəsində regionumuzda baş verən bəzi hadisələrə nəzər salanda anidən belə bir qərarın verilməsinin əsl səbəbi ortaya çıxır. Məlum olduğu kimi, son zamanlar istər Qarabağ və işğaldan azad edilmiş digər rayonlarımız, istərsə də Naxçıvan istiqamətində atəşkəs rejimi pozulur, hərbi qüvvələrimizin mövqeyi ermənilər tərəfindən atəşə tutulur. Sözsüz ki, Azərbaycan da buna seyrçi qalmır və cavab atəşi ilə düşmən susdurulmağa çalışılır. Digər tərəfdən, rəsmi İrəvan Zəngəzur dəhlizini açmaq istəmədiyi gizlətmək belə istəmir. Üstəlik, Azərbaycanın işğaldan azad etdiyi ərazilərə haqq iddasından geri çəkilmir, xüsusilə Fransa kimi Qərb dövlətlərin himayəsinə sığınaraq itirdikləri əraziləri geri qaytarmaq xülyalarını dilə gətirir. Bütün bunlar isə ötən ilin 10 noyabr və bu ilin 11 yanvar Bəyanatlarının tələblərinin yerinə yetirilməsi ehtimalına kölgə salır.

Ən əsası isə, sözügedən insidentlərin arxasında rus “sülhməramlı”larının dayandığı açıq-aşkar hiss olunur. Əvvəla, ona görə ki, Şuşa ətrafında Azərbaycan əsgəri ilə erməni yaraqlıları arasında atışma baş verdiyini düşmən tərəfi də gizlətmir, əksinə, dünyaya car çəkərək, guya atəşi ilk açanın bizimkilər olduğunu, qondarma “DQR”-nın hərbi qulluqçularını hədəfə aldıqlarını bəyan edirlər. Həm də bu cür bəyanatlar “DQR Müdafiə Nazirliyi” adından verilir. Bununla da rus “sülhməramlı”larının nəzarəti altında olan bölgədə erməni yaraqlılarının mövcudluğunu və həmin hərbi birliklərin qondarma rejimin qanunsuz “Müdafiə Nazirliyi” adlı strukturu tərəfindən təşkilatlandırıldığını etiraf edirlər. Bu isə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı atəşkəs müqaviləsinin 4-cü maddəsinə ziddir. Həmin maddədə açıq-aşkar göstərilir ki, “rus sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsinə paralel olaraq erməni silahlıları ordan çıxarılmalıdır”. Erməni yaraqlılarının hələ də bölgədən çıxarılmaması və Azərbaycana qarşı təxribatçılıqla məşğul olması faktiki olaraq məlum sənədin işləməməsini göstərir və rəsmi Bakıya atəşkəs sazişinin qüvvədən düşdüyünü bəyan etməsinə şərait yaradır. Bu isə rus qoşunlarının Qarabağdan dərhal çıxarılması, əks halda “işğalçı ordu” statusuna düşürülməsi perspektivi deməkdir.

Mümkündür ki, Azərbaycan rəsmiləri bu barədə tələblərini Moskvaya çatdırıb və Putin də öz həmkarını söhbətləşmək üçün Moskvaya dəvət edib. Prinsipcə, Kremlin Mətbuat Katibliyinin dünənki açıqlamasında da görüşdə “əsas diqqətin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində imzalanan Dağlıq Qarabağla bağlı Bəyanatın həyata keçirilməsinin praktiki aspektlərinə yönələcəyi” də açıq şəkildə dilə gətirilir.

Rusiyanı narahat edən digər səbəblərdən biri də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri ilə əlaqədar ola bilər. Səfərə İrəvandan başlayan avropalı qonağın regiona əliboş gəlmədiyinə şübhə yoxdur və Aİ-nin sülhü bərqərar etmək üçün Ermənistana qarşıdakı 5 il ərzində 5 milyard avrodan çox maliyyə ayırmağı planlaşdırdığı, sözsüz ki, Moskvanı narahat etməyə bilməz. Çünki Ermənistana bu qədər ciddi yatırımın boş-boşuna qoyulmayacağı aydındır. Məlumata görə, İrəvana veriləcək bu yardım 5 əsas istiqamətə yatırılacaq. Sözügedən istiqamətlərdən biri Ermənistanın Zəngəzur vilayətinin inkişafıdır. Hardasa 1.5 milyard avrodan çox vəsaitin yönəldiləcəyi bu istiqamətdə, açıq deyilməsə də yəqin ki, kommunikasiya əlaqələrinin açılması da nəzərdə tutulur. Vəsaitin qalan qismi 30 min kiçik və orta müəssisəyə, sosial-iqtisadi inkişafa, “Şimal-Cənub” yolunun tikintisinə, informasiya texnologiyaları sahəsinin qurulmasına və Ermənistanın cənub regionlarının dayanıqlılığının artırılmasına yönəldiləcək. Avropa İttifaqının bu proqramı baş tutarsa, Ermənistan tamamilə Rusiyanın təsir dairəsindən çıxacaq və daha rahat Qərblə inteqrasiya xəttini davam etdirəcək. Bu da öz növbəsində Moskvanın bölgəni özünə bağlayan qarmaqlarından birinin ortadan qaldırılması deməkdir. Digər iki qarmaq isə Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişəsidir ki, Cənubi Qafqazın Avropaya bağlanmasının gətirəcəyi iqtisadi inkişaf həmin ərazilərin də Tbilisiyə qarşı qaldırdıqları separatizm bayrağını endirməsi ilə nəticələnə bilər. Zira separatizm həmin bölgələrin inkişafına heç bir müsbət təsir göstərməyib, əksinə, hər iki muxtar qurumu yerli idarəçilərin şəxsi təsərrüfatına çevirib. Nəticədə həm Abxaziya, həm də Cənubi Osetiya vətəndaşları ya ağır iqtisadi vəziyyətlə çarpışır, ya da öz yurd-yuvalarını tərk edib xaricə sığınırlar.

Sovet hakimiyyəti illərində 500 min əhalisi olan Abxaziyada hazırda 300 mindən az insan yaşayır. SSRİ-nin dağılmasından indiyədək 30 il keçdiyini nəzərə alsaq, bu müddət ərzində Abxaziya əhalisi ən azı 100 min nəfər artmalı idi və məcburi köçkünlər arasında artıb da. Bu demoqrafik artımı da hesaba qatsaq, belə çıxır ki, Abxaziyanın ən azı yarısı xaricdə yaşayır. Səbəb isə öz ölkələrində iqtisadi vəziyyətin dözülməz olmasıdır. Halbuki Abxaziya Qara dəniz üzərində yerləşən diyar olduğundan həm rahatlıqla turizm və ticarət mərkəzinə çevrilə, həm də zəngin təbiəti ilə aqrar sektoru inkişaf etdirə bilərdi. Fəqət Rusiyanın himayəsi altında “müstəqillik” xətti tutduğundan bu diyar öz iqtisadi potensialını reallaşdırmaq imkanından məhrum qaldı. Dərd burasındadır ki, Rusiya da bu diyara öz rusdilli məktəblərindən başqa heç bir şey vermədi. Hazırda Abxaziyanın idxalatının 70%, ixracatının isə 30%-i Türkiyə ilə qurulan ticarət dövriyyəsinə bağlıdır. Avropanın digər ölkələri isə separatizm yolunu tutan abxazlardan üz döndərib.

Bu da azmış kimi, rusdilli məktəblər və rus mədəniyyətinin təsiri altında qalmaq məcburiyyəti abxaz topluluğu qarşısında tamamilə assimiliyasiyaya uğramaq təhlükəsi yaradır. Başqa sözlə, “müstəqillik” arzuları abxazları tamamilə yoxoluşa sürükləyir.

Hazırda abxazların Abxaziyadan çox Türkiyədə yaşadıqları da sirr deyil. Söhbət burada təkcə 2008-ci ildən sonra Abxaziyanın rus təsir dairəsinə düşməsinin yaşatdığı çətinliklərə görə qardaş ölkəyə qaçanlardan da getmir. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvələrində rus imperializminə qarşı mübarizə zamanı yurd-yuvasını tərk edib Türkiyəyə sığınan abxazlar da az deyil. Bir çoxları milli kimliyini itirsə də, bu gün Türkiyədə özünü abxaz bilən və milli-mədəni dəyərlərini qoruyan 500 mindən çox əhali yaşayır. Onların Abxaziyaya təsir imkanları da az deyil. Deməli, abxazların muxtar hüquqları çərçivəsində yenidən Gürcüstan ərazilərinə qayıtması dünya ilə inteqrasiyaya səbəb ola və öz kimliklərini qorumağın vacib elementinə çevrilə bilər. Təbii ki, onların milli kimliyini qorumasında regionun yeni güc mərkəzinə çevrilən Türkiyənin də ciddi yardım göstərməsi istisna edilmir.

Cənubi osetinlər isə abxazlardan da ağır vəziyyətdədirlər. Abxaziyanın coğrafi mövqeyi, dini mənsubiyyəti, diasporunun Rusiyadan kənar ölkələrə yayılması, iqtisadi potensialı dünyaya açılımını şərtləndirir. Cənubi Osetiyada isə bütün bu göstəricilərin hamısı əks yönümlüdür. Odur ki, Cənubi Osetiyanın iqtisadi və siyasi həvəsləndirmə yolu ilə Gürcüstana qayıtması hələ ki, mümkün görünmür.

Şimali Osetiyanı Rysiyaya bağlayan başlıca tellər:

Əvvəla, Gürcüstanın mərkəzi şimalında yerləşən vilayətin yeganə xarici coğrafi bağlantısı Rusiya ilədir.

İkincisi, osetinlərin böyük əksəriyyəti Rusiyanın Şimali Osetiyada bölgəsində yaşayır, bu da cənubluların da onlara meyllənməsinə yol açır. 2015-ci ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə görə, vilayətdə cəmi 53 min insan yaşayırdı. Bunlardan 48.1 mini (89.9%) osetin, 4 mini (7.4%) isə gürcü, 610 nəfəri isə rus idi. Buna qarşılıq, Şimali Osetiyanın 700 mindən çox sakini olduğu bildirilir. Üstəlik, Şimali Osetiya cənubla müqayisədə iqtisadi cəhətdən daha çox inkişaf edib. Bu da şimalın cənubu maqnit kimi özünə çəkməsinə gətirib çıxarır.

Üçüncüsü, Cənubi Osetinlərin iqtisadiyyatı yox səviyyəsindədir. Vilayətin əsasən aqrar yönümlü olmasına baxmayaraq, ərazilərinin cəmi 10%-i əkilir. Ölkədə sovetlərdən qalma 22 fabrika olsa da, bu müəssisələrin cəmi 7-si işləyir. Onlar da yenidən bərpa olunmalıdır. Başqa sözlə desək, vilayətdəki rəsmi sənədlərdə aktiv kimi görünən müəssisələr belə, əslində işləmir, sadəcə işçiləri cüzi maaşla təmin etmək üçün saxlanılırlar. Cənubi Osetiyanın əsas “gəlir mənbəyi” isə Rusiyadan göndərilən dotasiyalardır. Rusiya da getdikcə iqtisadi cəhətdən zəifləyir və bu, bir gün dotasiyaların kəsilməsi ilə nəticələnə bilər.

Əslində Cənubi Osetiyanın varlığının sabah Rusiyanın özü üçün təhdidə çevrilməsi ehtimalı da yox deyil. Məsələ burasındadır ki, Cənubi Osetiyanın “müstəqilliyi” Şimali osetinlərdə də milli azadlıq ideallarını gücləndirir. Ötən ilin yay aylarında Şimali Osetiyanın mərkəzi şəhəri Vladikavkazda Moskvaya qarşı etiraz aksiyalarının keçirilməsi bu perspektivin çox da uzaq olmadığını göstərir.

Göründüyü kimi, Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxması böyük ölçüdə Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllindən asılıdır. Aİ bu regionda kommunikasiya əlaqələrinin bərpasına və Ermənistanın cənub bölgəsinin inkişafına 5 milyar avrodan çox vəsait ayrıması da əslində buna xidmət edir. Məqsəd təkcə Ermənistanı deyil, həm də bütünlüklə Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxararaq birgə əməkdaşlığa cəlb etmək və Şərq Tərəfdaşlığı layihəsini tamamlamaqdır. Aİ Şurasının Prezidenti Şarl Mişel Bakıda səfərdə olarkən veridiyi bəyanatda da bunu vurğulayaraq deyirdi:

“İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir...

Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir”.

Maraqlıdır ki, Şarl Mişel Cənubi Qafqaza səfəri ilə bağlı bu qədər açıq danışmasına baxmayaraq, istər İrəvanda, istərsə də Bakıda “süngü” ilə qarşılandı. Hər iki ölkənin bəzi siyasiləri Avropa İttifaqının Ermənistana 5 milyard avrodan artıq yardım ayırmasında ancaq mənfi çalarlar axtarır və yanlış mülahizələrlə ona qarşı çıxırlar. Partiya sədri, deputat olmasına baxmayaraq, siyasi düşüncəsi emosional duyğularının əsirinə çevrilən bizim Tahir Kərimlini hardasa başa düşmək olar; axı həmin vəsait bizə yox, ermənilərə verilib. Dərd burasındadır ki, Ermənistanın Daşnaksütyun partiyası da eynilə Tahirli Kərimli kimi bu layihəyəyə qarşı çıxır və həmin vəsaiti “Ermənistanın satın alınması” kimi qiymətləndirir. Daşnaksütyun Partiyasının gənclər qolunun Mişel İrəvanda olarkən keçirdiyi etiraz aksiyalarında səsləndirdiyi əsas şüar da bu idi.

“Daşnaksütyun”çuların niyə belə düşündüklərini və Rusiyanın dürməyinə yağ sürtdüklərini ermənilərin özünə buraxırıq. Bizim millət vəkili və hüquqşünaslarımıza isə sadəcə onu xatırlatmaqla kifayətlənirik ki, 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya “respublika”larını, 2014-cü ildə isə Ukraynanın Krım yarımadasını və Donetsk vilayətini işğal edən Rusiya məhz Avropanın 2008-ci il 17 yanvar tarixində yaratdığı Kosovo modelini əsas götürüb bu addımı atmışdı. Avropa və NATO qüvvələri ikinci dəfə eyni tarixi səhvə getməz, Rusiyanın Moldova, Ukrayna və Gürcüstandan ayrıdığı bölgələri tamamilə ilhaq etməsinə model örnəyi və hüquqi baza yaratmaz.

Digər tərəfdən, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” layihəsinə 2015-ci ildən etibarən Azərbaycanın təklifi ilə tərəfdaş ölkələrin ərazi bütövlüyü məsələsi əsas müddəa kimi tanınıb və 2017-ci ildə Ermənistan da məhz bu müddəaları qəbul edərək təşəbbüsə qoşulub. Dolayısıyla, boynuna işğal etdikləri əraziləri geri qaytarmaq öhdəliyi götürüb. Di gəl ki, bu məsələdə ayağını yerlə sürüşdürdüyündən rəsmi Bakı məcbur qalıb zorla cəlb olunduğu 44 günlük savaşı dayandırmadan Şuşaya qədər getdi və Aİ da bunu laqeydliklə izlədi. Bundan sonrakı mərhələ isə Azərbaycanın bu ilin dekabrında “Aİ ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” imzalamasıdır. İndiyədək ermənilərin ərazimizi ələ keçirdiyini haqlı olaraq əsas gətirib (bəzilərinə görə, bəhanə) bu sənədi imzalamayan Azərbaycanın 44 günlük savaşdan sonra həmin arqumenti də ortadan qalxıb. Aİ yenidən bu haqlı iradı və ya bəhanəni Azərbaycan hakimiyyətinə qazandırmaz. Mövzu ilə əlaqədar ötən yazılarımızda bəhs etdiyimizdən bu barədə çox danışıb baş aparmaq istəmirik. Tahir Kərimli kimi dəyərli deputatlarımız danışmamışdan əvvəl məlumat dağarcıqlarını doldurmaq istəsələr bu linkə göz gəzdirə bilərlər:

Avropa Ermənistandan nə gözləyir? – Paşinyanın cəsarətli addımı yeni mərhələnin başlanğıcı ola bilər

Qısaca olaraq bunu vurğulamaq istəyirik: Şarl Mişelin Cənubi Qafqaza son səfərində səsləndirdiyi fikirlərdən də aydın olur ki, Ermənistana həmin vəsait onun hərbi qüdrətini gücləndirməsinə və yenidən revanş müharibəsinə başlamasına yox, əksinə regionunun sülh sazişindən sonra iqtisadi və kommunikativ əlaqələri möhkəmləndirməsinə ayrılıb.

Aİ Şurasının prezidentinin Bakıda verdiyi bəyanatında səsləndirdiyi fikirlərin konteksindən Cənubi Qafqazdakı mövcud siyasi mənzərəyə nəzər salanda bir daha görürük ki, regionun taleyi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarına söyləyəcəyi son sözündən asılı olacaq. Ümidvarıq ki, ölkə başçısı öz həmkarının qarşısında “rus sülhməramlı”larının Qarabağdan çıxarılması məsələsini qətiyyətlə qoyacaq. Çünki bu qətiyyət təkcə bizim yox, həm də regionumuzun və demokratik dünyanın tələbidir və bu da İlham Əliyevin əlini gücləndirir.

Heydər Oğuz,
Ovqat.com

SON XƏBƏRLƏR
"Xəritəyə də baxanda görürük ki, Xocalıya ən yaxın yol Ağdamdan keçir" - deputat
Ötən ay atasından, bu ay isə özündən şikayət olunan deputat kimdir? - DOSYE
Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL
“Rusiya və Qərb Ermənistanda toqquşacaq, bunun ərəfəsindəyik” - GƏLİŞMƏ
Azərbaycanda benzin BAHALAŞDI - Kasıbsansa, maşın sürmə...
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır - TƏHLİL
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir - ekspert
Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)
"Ali təhsil mənəvi dəyər yaradan bir sərvətdir" - Ədalət Muradov
Bodrumdakı yanğını görməməzlikdən gəlib, fotosunu paylaşdı
"Qazi olmaqla deyil ki..." - Videosu yayılan baş həkimdən AÇIQLAMA
Rus sülhməramlıları erməni keşişlərini Amarasa gətirdi
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
Eldəniz Səlimovu hansı cəza gözləyir? – Mandatın ləğvi, həbs...
Deputat döydüyü polisi əvvəlcə "RAZBORKA”YA çağırıb... - VİDEO
Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib? - İDDİA
"Arka sokaklar"ın aktyorunu Eynşteynə bənzətdilər - FOTO
Meşələri qəsdən yandıran şəxslər zirehli polis maşını ilə aparıldı
Süveyş kanalını bağlayan "Ever Green" gəmisindən XƏBƏR VAR
5 540 şəhid ailəsi üzvünə vəsiqələr verildi
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Prezidentdən 600 min manatlıq SƏRƏNCAM
“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?" - Əməkdar artist
Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...
Müəllimlər üçün test tapşırıqlarının çətinliyi ilə bağlı narazılıqlara REAKSİYA
Beyləqan ATS qazidən 182 manat tələb edir - GİLEY