İyunun 16-dan 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil edilib.
30 iyunadək davam edəcək “Yay məktəbi”ndə dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. “Yay məktəbi”nin pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə təşkil edilib. Lakin yuxarıda qeyd olunanların heç biri "Yay məktəbi" layihəsində həyata keçirilmir. Bununla bağlı sosial şəbəkələrdə də şikayətlər yazılır. Bildirilir ki, şagirdlərin adından ərizələr yazılıb, məktəbə çağırılır. Lakin müəllimlər dərs keçmir, nəticədə şagirdlər zamanlarını boşa xərcləyirlər. Dia.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, son illərdə tədris sistemində həyata keçirilən islahatlar görüntü xarakteri daşıyır:
"Əslində, tədrisin keyfiyyətinin artırılması adı altında həyata keçirilən islahatlar, eyni zamanda hər hansı tədbirlər formal xarakter daşıyır, şəkil çəkib paylaşmaq məqsədindən o tərəfə keçmir. Biz istər yay məktəbi, istərsə də digər tədbirlərin heç vaxt effektini görə bilmərik. Çünki bunlar süni, görünütü xarakteri daşımaqdan başqa bir şey deyil. May ayının 15-20-dən sonra fəsil dəyişikliyi, uzun müddət davam edən tədris prosesi öyrənmə həvəsini aşağı salır. Bundan sonra hər hansı formada uşaqları tədrisə cəlb etməyimiz görüntüdür. Uşaqlar sentyabr ayından dərsə başladılar, heç nə öyrənmədilər, gəlib 2 həftə ərzində öyrəncəklər? Məqsəd öyrətməkdir, amma bu addım bu dəqiqə lazım deyil, ən lazımsız addımdır. Bizim şagirdlərin yay məktəbində iştirak etməsi onlara nəyisə öyrətmir. Düzdür, öyrədilmə məqsədilə şagirdlər yay məktəblərinə cəlb edilir, amma nə müəllimin, nə də şagirdin buna həvəsi var".
Onun sözlərinə görə, “Yay məktəbi” lazımsızdır:
"Hansısa effektin gözlənilməsi absurddur. Hesab edirəm ki, “Yay məktəbi”nin təşkilinə ehtiyac yoxdur. Uşaqları görüntü xatirinə çağırırlar. Ümumiyyətlə, bizim tədris prosesinə, təhsilin idarəsinə yanaşmamızda ciddiyyət itib. Hər kəs burada vaxt keçirmək, şəkil çəkdirməyi özünə fəaliyyət sayır. “Yay məktəbi” də hər hansı effekt verməycək. Həm valideyn, həm şagird, həm də müəllim üçün əsəb və vaxt itksindən başqa bir şey deyil. “Yay məktəbi”nin tədris proqramı olmalıdır ki, hansı fənn keçiriləcək, hansı dərs öyrədiləcək. Bunlar yoxdur. Bunu təşkil edənlərin tədrisdən, təhsilin keyfiyyətindən anlayışı da yoxdur. Onlar hansısa ölkəyə yeyib-içməyə gedəndə bunu görüb gəlib burada tətbiq edirlər. Demək istəyirlər ki, biz işləyirik. Amma yox. Bu addım islahat deyil, lazımsız bir şeydir".