Adamı yolda tanıyarlar və ya qardaş sevgisi

Tarix:29-06-2020, 13:21 Baxış Sayı:75 Kateqoriya:gundem

 Adamı yolda tanıyarlar və ya qardaş sevgisi


İlk baxışda qaraqabağ adam təsiri bağışlayır. Bəlkə də keçdiyi ağır yolun, bədii ədəbiyyatda daha çox işləndiyi kimi, keşməkeşli həyatının nəticəsidir, köçüb çöhrəsinə. “Dindirməsən, danışmayan adam” deyirlər belələrinə. Amma 30 illik tanışlığımız, bir yerdə çalışmağımız, ünsiyyətdə olmağımız məni tamamilə başqa cür düşünməyə istiqamətləndirir: Çətini sohbətə qoşulmağdır. Danışanda üzü işıqlanır, atalar sözlərini, məsəlləri, müdrik deyimləri yan-yana qoşur. Başqa yerə tələssəndə, ayaq saxlayıb söhbətlərinə qulaq asmaq istəyirsən. Maraqlı bir xasiyyəti də var: Çox vaxt söhbətlərini gətirib bağlayır mərhum qardaşı, yazıçı-tənqidçi Qulu Xəlilovla. İlahi, bir adam başqa birisi ilə, lap olsun qardaşı, bağlı bu qədər xatirələri yaddaşında necə saxlaya bilər? Sonra düşünürəm, bu xatirələr nə vaxtsa ürəyin istisindən keçib, yaddaşa köçübsə, saxlamaq, yeri gələndə təzələmək olarmış. Bəli, Azərbaycan Dillər Universitetinin dosenti İnqilab Xəlilovun böyük qardaşı, professor Qulu xəlilovla bağlı olan xatirələri, ürək istisində qızınmış xatirələrdir. Ona görə bu qədər kövrək, unudulmazdır, yəqin.
İnqilab müəllim sanki ürəyimdən keçənləri hiss edibmiş kimi deyir: İndi, qloballaşma adı altında milli dəyərlərə biganə münasibət də adamı düşündürür. Əvvəllər insanlararası münasibətlərdə, o cümlədən, ailədaxili davranışlarda bir inci saflığı vardı. Bu münasibətlərdə mənəm-mənəmlik yoxdu. Yaxşı olanların hamısının sonrakı nəsillərə çatdırılması istəyi və bu istəyin yerinə yetirilməsi üçün sosial mühit vardı. Ailədə qardaşlararası münasibətin timsalında, əslində İnqilab müəllimin özünün böyük qardaşı Qulu Xəlilova münasibəti nümunəsində, bu ənənələrin, dəyərlərin cəmiyyətin formalaşmasında necə böyük rolu olduğunu aydın görürük. Hər şey gələcəyə, sabaha hesablanırdı. Ata böyük oğulu özündən sonra ailədə kişi-ata vəzifəsini yerinə yetirməyə borclu olan bir insan kimi formalaşdırırdı. Ana da böyük qıza belə münsibət bəsləyirdi: Məndən sonra ailədə özündən kiçiklərə sən ana olmalısan, deyrdi analar evin böyük qızına.
İndi heç nəylə əvəz etmək mümkün olmayan isti münasibətlərin yerini telefon, kompüter tutur. Ünsiyyət üçün vacib olan canlılıq getdikcə qeybə çəkilir. Dostun, qardaşın yadına düşüb, zəhmət çəkib ziyarətinə getməyə ehtiyac yoxdur. Qaldır telefonu, istəyirsən lap “görüntülü” danış. Amma bu, üz-üzə münasibətin yerini verə bilərmi? Mümkündür ki, zaman keçdikcə bütün bunlar adiləşəcək, nə vaxtsa ömür uzadan ilıq münasibətlərin, ziyarətlərin olduğu yaddan çıxacaq. Amma bütün bunlar “nə olsun ki?” deməyə əsas vermir. Bizə əmanət verilmiş dəyərlərə münasibət Unutqanlıq min illər ərzində formlaşmış dəyərlərimizin, ailə münsibətlərimizin unudulması və nəticədə sürətlə artan yarımçıq ailələrin çoxalması deməkdir...
İnqilab müəllim danışır, mənsə düşünürəm: Allah bilirnə qədər yaşı var bu deyimin: Adamı tanımaq üçün onunla yol-yoldaşı olmalısan, səfərdə (yolda) sınaqdan keçən dostluq əbədidir. Hə, yol yoldaşı da olmuşuq İnqilab müəllimlə, özü də uzun bir yolda. Bakı- Gürcüstan arası olub bu yol. Söz-sözü çəkər, deyirlər. Dönməsin o günlər.Ağır zamanlardı. İmperiya ordusu Gürcüstanda azadlıq təşnəli insanları susdurmaq üçün qan tökmüşdü. Sanki (tarixin süzgəcindən keçəndən sonra məlum olur ki, “sanki” əvəzinə “dəqiq” sözünü işlətmək lazımmış) planlaşdırılmış hadisəlrdi: Qısa bir zamandan sonra Azərbaycanda Gürcüstan ssenarisi daha qəddar şəkildə, amansızcasına təkrarlandı. 1990-ilin yanvar ayının iyirmisi. Bakı tankların tırtılları altında titrəyir, binalar atılan topların səsindən diksinirdi..
Qayıdaq bir qədər əvvələ. Gürcüstanda 9 aprel 1989-cu ildə qətlə yetirilmiş azadlıq sevən insanların qırx mərasimi yaxınlaşırda. Bilirdik ki, Gürcüstan nümayəndələri 20 Yanvar şəhidlərinin yas mərasimində iştirk etmiş, xalqımızla həmrəy olduqlarını nümayiş etdirmişdilər. Əlbəttə, bunun təsiri vardı, amma əsas səbəb bu deyildi. Sadəcə olaraq azadlıq uğrunda mübarizə aparan gürcü xalqı ilə ağır günlərdə bir yerdə olmaq istənilirdi. Həm də axı dərd insanları yaxınlaşdırır.
Qonşu xalqın matəm günündə onlarla birgə olmaq təşəbbüsünü Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri, indi haqq dünyasında olan professor Nurəddin Kazımov irəli sürmüşdü. Bundan əvvəl yenə həmin universitetin (o vaxtlar institiut ) iki əməkdaşı daha kövrək bir təşəbbüsə qol qoymuşdular. Dosent Çərkəz Qurbanlı (o da indi haqq dünyasındadır) vədosent, indi tanınmış ziyalı, ictimai-siyasi xadim, professor Novruz Novruzov qərara gəlmişdilər ki, məhz o ağır gündə Gürcüstan şəhidlərinin 40 mərasimində iştirak etmək üçün Bakıdan Tbilisiyə piyada getsinlər. Həmin günlərin şahidi kimi bilirəm ki, bu təşəbbüs təkcə Azərbaycanda, Gürcüstanda deyil, dünyanın çox yerlərində böyük sayğı ilə qarşılanmışdı. Azərbaycanın iki böyük ziyalısının Keçdikləri yollarda yerli sakinlər tərəfindən necə rəğbətlə qarşılanıb yola salındıqları barədədövrün mətbuatı həmrəylik məzmunlu çoxlu materiallar dərc edirdi.
Dedim, Nurəddin müəllim də təşəbbüs irəli sürdü ki, universitetin işçilərindən də istəyənlər Gürcüstana getsinlər, qırx məclisində iştirak etsinlər. Nurəddin müəllimin təşəbbüsünə qoşulanlar çox oldu. Bir neçə şəxsi avtomobildə Gürcüstana yola düşdük. Yasa gedənlərin içərisində bu yazımın qəhrəmanı İnqilab müəllim də vardı. Tbilisidə bizi qarşılayanlar arasında Bakıdan çıxıb, gündə 25-30 km yol gəlməkləmərasimə qoşulmuş Novruz müəllimlə Çərkəz müəllim də vardı. İndi də bu qənaətdəyəm ki, onların piyada yol gəlmələri Gürcüstanda geniş əks-səda vermişdi. Bunu xalqın onlara münasibətindən, sözlə ifadəsi çətin olan davranışlarından, sadəcə minnətdarlıq dolu baxışlarından aydın görmək olurdu.
Çərkəz Qurbanlı ilə Növruz Movruzovdan sonra bizm gəlişimiz gürcü qardaş-bacıların heç vaxt sağalmayacaq yaralarına su səpdi. İlk ziyarətimiz imperiya ordusu tərəfindən qətlə yetirilmiş insanların dəfn edildiyi məzarlığa oldu. Burada azərbaycanlılar adından professor N.Kazımov danışdı. Onun çıxışı qulaq asanları bir daha kövrəltdi.
Sözümün canı budur ki, bu yolu biz həm də İnqilab müəllimlə birlikdə getdiyimizdən onu yaxşı tanımağa imkan qazandım. Doğrudur, əvvəllər də İnqilabla bağlı məlumatım vardı. Bilirdim ki, Azərbaycan folklorunda tərbiyə məsələləri üzrə tədqiqat aparır. Elmi rəhbəri təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də xalq pedaqogikasının tanınmış araşdırıcılarından sayılan professor Əliheydər Həşimov olub. Bu da İnqilab Xəlilovla məni daha da yaxınlaşdıran amillərdən biri oldu. Əliheydər müəllimlə bir vaxtlar birlikdə, o zamanlar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanan müəssisədə işləmişdiik. Professor Ə.Həşimov mənim elmi rəhbərim professor Mərdan Muradxanovla dost idi. Bəlkə elə bu səbəbdən, bəlkə də mənim tədqiqatımın milli dəyərlərimizlə bağlı olmasına görə, Əliheydər müəllimlə söhbətimiz tuturdu (bu barədə 2019-cu ildə nəşr etdirdiyim “Sözün yaddaşı” adlı kitabımda geniş yazmışam).
İndi, bu yazını qəhrəmanı İnqilab Xəlilovu daha yaxşı tanımağımda yol yoldaşı olmağımızın təsirini göstərmək üçünistəyirəm istiqaməti dəyişəm. İnqilab insanlara, ətrafda baş verənlərə çox diqqətlidir. Demə, yolda və Gürcüstanın özündə nahar edərkən mənimsıxılmağım, çəkinə-çəkinə yeməyim diqqətini cəlb edibmiş. Növbəti naharların birində İnqilab əvvəl oturduğu yerdən durub gəlib mənim yanımda əyləşdi. Əvvəl əhəmiyyət vermədim. Sonra, mənə qulluq etdiyini, boşqabıma yemək qoyduğunu görəndə təəccübləndim.Yəqin, təəccübümü hiss etdiyindəndir ki, astadan dedi: Çəkinmə, ye. Hələ gör nəqədər yol gedəcəyik, ye.
Həmin dövrdə Azərbaycan Dillər Universitetində işə təzə qəbul edilmişdim. Kollektivi bir o qədər yaxşı tanımırdım. Doğrudur, təbiətən bir qədər utancaq adamam. Amma görünür, universitetdə təzə olmağımın da təsiri vardı.
O vaxtlardan 30 il keçib. Haqqında danışdığım illərdə universitetin cavan müəllimlərindən olan İnqilab Xəlilov, indi ömrünün müdriklik yaşında da diqqətcildir. Bəzən reaksiya verməsə də, dəfələrlə ən kiçik hərəkətin, detalın diqqətindən yayınmadığının şahidi olmuşam.
Yuxarıda qeyd etdim, İnqilab ağır bir həyat yaşayıb. Qədim Azərbaycan torpağında, Qərbi Azərbaycanda, Sisyan rayonunun Qızılciq kəndində anadan olub. Bu torpaqlardan tədricən, amma amansız bir inadla azərbaycanlıların necə qovulduqlarının canlı şahidlərindədir.
Amasiyanın öz adıdır Ağbaba,
Ağbabada viran qaldı el-oba.
Ağla, ağla, kor olası gözlərim,
O yerləri görərmisən bir daha?
Qaraxaçın arxasıdır Ağbaba,
Göy yaylaqlar yaxasıdır Ağbaba.
İllər boyu köç eləyən ellərin
Arxasınca baxasıdır Ağbaba.
Tanınmış Azərbaycan şairi, mərhum Abbas Abdullanın bir şeirindəndir bu parça. Azərbaycanın uzun illər düçar olduğu bəlalardan birinin- dədə-baba torpaqlarından hər cür zülmlə didərgin salınmalarını ümumiləşdirilmiş şəkildə ifadə edən bir şeir. İnqilabdan danışanda yadıma düşdü. Onu da xatırladım ki, mərhum şairimizdən radio üçün müsahibə götürərkən ilk dəfə öz dilindən eşitmişəm bu şeiri. Ssnarinin mətnindən yadımda qalıb. İnqilab müəllimin keçdiyi yolların mənə tanış məqamlarını gözlərim qarşısına gətirəndə bir daha yadıma düşdü. O günlərin burulğanlarından böyük qardaşı , yazıçı, tənqidçi Qulu Xəlilovun köməyilə çıxıb. Q.Xəlilovun tərcümeyi-halından xəbəri olanlar bilirlər ki, onun da həyatı bir o qədər xoş keçməyib, çətin bir ömür yaşayıb. Necə deyərlər, əli aşa çatanda başı daşa çatıb. Ağır, üzücü xəstəlik ömürlük “yoldaşına” çevrilib. İnqilab özü demək istəmir. Amma mən bilirəm ki, İnqilabda ağlı kəsəndən, əli iş tutandan qardaşının dayağında durub. Təsəlli verib, gücü çatan tapşırıqlarını yerinə yetirib. Necə deyərlər, hər şey qarşılıqlı olub. Bəlkə elə bu qeyri - adi istiliyi hiss etdiyindədndir ki, mərhum Qulu da çətinliklərini İnqilabla bölüşməkdən çəkinməyib. Xüsusilə Bakıdan kənara çıxanda, yazıçı dostları ilə tədbirlərə, Azərbaycanın dilbər guşələrinə səfərlərində İnqilabı,adətən, özü ilə apararıb.
Uzun illər keçib. Amma İnqilab müəllim o illəri xatırlayanda kövrəlir. Etdiyi söhbətlərdən Qulu Xəlilovun yaşadığı dövrün, o dövrdəki ziyalıların xatirələri boylanır. Bu söhbətlər adamı o vaxtlara aparır, dövrün ədəbi haləsilə, ziyalılarımızn bir-birlərinə isti, yaxud soyuq münasibətləri ilə tanış edir. Nə etmək olar? Hər bir insan ömrü elə canlı tarixdir. Emosyalardan tam xilas ola bilməyən, həqiqətlərlə zəngin tarix...
Belə xatirələrdən birini, ehtiramlı oxucular üçün də maraqlı olar fikri ilə, qısa ixtisarla verirəm. İnqilab danışır: Getmişdim Qulu gilə. Nə isə oxuyur, qeydlər edirdi. Arxasında əyləşdiyi masanın üstündə xeyli kitab vardı. Adətən, Qulunun masasının üstündə bu qədər kitab olmazdı. Masası kitab dolabına yaxındı deyə istədiyi kitabı əl atıb götürər, istifadə edəndən sonra qaytarıb yerinə qoyardı. İndi, dediyim kimi, masada çoxlu kitab vardı. Qeydlər ediyi vərəqlərin sayı da xeyliydi. Bu kitabları vərəqləyir, qarşısındakı vərəqlərdə qeydlər edirdi. Bilirdim Ki, bədii əsər yazanda, adətən, masada qələm və kağız olardı. Ona görə də nə yazdığını soruşdum. Cavab verdi ki, İnqilab, məni universitetə (o vaxtla Azərbaycanda bir universitet vardı) müəllim dəvət ediblər. Səhər dərsim var, ona hazırlaşıram. Düzü, təəccübləndim. Çoxsaylı kitabların, elmi məqalələrin, bədii əsərlərin müəllifi olan tənqidçi, yazıçı Qulu Xəliovun dərslərə belə həyəcanla, həm də ciddi hazırlaşması idi məni təəccübləndirən.
Deyəsən, nə düşündüymü hiss etmişdi. Üzümə baxıb sözünə davam etdi: İnqilab, təsəvvür et ki, dərsə gedirsən, o da ola birinci dərsə. Auditoriyada 50-60 tələbə var. Bu, 100-120 göz deməkdir. Əslində “baxmaq” sözü bu vəziyyəti tam ifadə etmir. Hər gözdən yüz sual boylanır. Hamısı maraqla gözləyir ki, öyrənsin görək müəllim kimdir, bizə nə deyəcək? Qulaqlarımız yeni nə eşidəcək? Bir sözlə, yeni müəllimlə bağlı nə var, elə ilk dərsdə öyrənmək istəyəcəklər. Ona görə də məşğələlərə ciddi hazırlaşmaq lazımdır. Bir də müəllimin dərsə hazırlığı, auditoriyada və və auditoriyadankənar tədbirlərdə davranışı, necə ünsiyyət qurması, oturuşu, duruşu onu dinləyən, görən, müşahidə edən uşaqların, gənclərin gələcək həyatlarındakı mövqelərini müəyyənləşdirməyə təsir edir. Gənc həyatda çox vaxt müəllimini təkrarlayır, onun vaxtilə verdiyi məsləhətlərlə hərəkət edir, başqalarına bir zamanlar müəllimlərinin ona bəslədiyi münasibəti bəsləyir.
İnqilab müəllim söhbətini davam etdirir. Danışdıqca sanki yüngülləşir. İnqilab: Oqtay müəllim, o vaxtlar Qulunun dediklərini, deyəsən, tam dərk etməmişdim. Gün gəldi,mən də müəllim kimi fəaliyyətə başladım.1969-cu ildən Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasında çalışıram. Əvvəlcə laborant, sonra baş laborant olmuşam. Yəqin, özümü doğrultduğuma görə müəllim təyin etdilər. Baş müəllim olmuşam. İndi özün bilirsən, dosentəm. Müəllimlik çətin peşədir. Çətinliyin qarşısını alan ən mühüm amilpeşəni sevməkdir. Yadıma salıram ki, bəzi ixtisaslar nəzərə alınmasa, ali məktəbdə kadr seçimi ilə bağlı maraqlı bir ənənə vardı. İşə laborant kimi başlayan gənc kafedrada təcrübə qazanırdı, fəaliyyətin məzmununu öyrənirdi. Yeri gəlmişkən, deyim ki, heç bu vəzifəyə qəbul da asanlıqla başa gəlmirdi. Laborantlığa ali məktəb dövründə təlimdə yüksək uğurlar qazanmış, tələbə elmi cəmiyyətinin konfrslarında müntəzəm və fəal iştirak etmiş, müəssisənin ictimai həyatında fərqlənmiş gənclər fakültə və ali məktəb elmi şurasının qərarı ilə qəbul edilirdilər. Bir sözlə, belə gənclər hələ tələbəlik illərindən kollektivdə tanınır, özü haqqında müsbət fikirlər formalaşdırırdı.
Bu ənənə mütəxəssisə iki cəhətdən daha çox fayda gətirirdi. Birincisi, işi öyrənir, kafedra həyatına alışır, sonrası isə ilk növbədə özü özünün bu işə nə qədər yararlı olub-olmadığı barədə qərara gəlirdi. Yəni belə bir yol keçən gənc kadr müəllim kimi fəaliyyətə başlayanda artıq bu nəcib peşənin sirlərinə, incəliklərinə yiyələnmiş olurdu. Digər tərəfdən, laborant təkcə əvəzçi müəllim kimi dərs demir, təcrübəli müəllimlərin dərslərində də iştirak edirdi. Laborantın dissertasiya mövzusu götürməsi, tədqiqat aparması, eksperimentlər qoyması, onların nəticələrini şifahi və yazılı şəkildə əsaslandırması, elmi konfranslarda çıxışlar etməsi əsas şərtlərdəndi.
İnqilab, yuxarıda qeyd etdiyimiz kimi, folklor nümunələrində tərbiyə məsələlərini tədqiq edir. Bu isə onu göstərir ki, dosent İnqilab Xəlilov xalqımızın formalaşdırdığı dəyərlərə yaxşı bələd olan bi müəllim-tədqiqatçı kimi tələbələri ilə fəaliyyətdə, təlim prosesində, auditoriyadankənar tədbirlərdə həmin dəyərlərin öyrədilməsi üzrə iş aparır. Özü bu barədə deyir ki, qloballaşmanın mənfi təsirlərindən uzaqlaşmağın ən yaxşı yolu milli dəyərlərimizdir. Milli dəyərlərin təsiri ilə formalaşan gənc bəşəri dəyərləri də düzgün qiymətləndirə bilir. Elm o vaxt inkişafa müsbət təsir edir ki, bu elm əxlaqlı olsun, əxlaqa xidmət etsin. Əks halda, dünyada ədalətsizlikləri aradan qaldırmaq, qan tökülən qanların qarşısını almaq çox çətin olacaq. Milli dəyərlər dəyərlər insanlığın xilası, müdrikləşməsi, bəşəri ideyalara sədaqətlik tərbiyəsinin təsirli vasitəsidir. Gənclər təhsil aldıqları müxtəlif dövrlətlərdə öyrəndikləri ibrətamiz fikirləri, bəşəri dəyərləri müəllimlərdən, yaşlı nəslin nümayəndələrində gördükləri hərəkətləri bəzən özləri də hiss etmədən gələcək həyatlarına aparır, onlardan istifadə edirlər. Özlərindən kiçik həmvətənlərinə münasibətdə bu dəyərlərdən istifadə edirlər.
İnqilab müəllim bir qədər tərəddüdlə olsa da, fikrini davam etdirir:- Oqtay müəllim, deyir, dərsdə müxtəlif vəziyyətlərlə qarşılaşmalı olursan. Bir də görürsən ki, hansısa tələbənin fikri, konkret desək, auditoriyada deyil. Səsinin tonunu dəyişirsən, xeyri olmur. Yaxınlaşırsan, bir anlığa “özünə gəlir”, başını qaldırıb baxır. Bütün dərs boyu bir təbənin yanını kəsib durmayacaqsan ki... Uzaqlaşırsan. Bir azdan hiss edirsən ki, həmin tələbə yenə “öz aləmindədir”. Belə vəziyyət müəllimdən ustalıq tələb edir. Əlli ildir ali məktəbdə dərs deyirəm. Təcrübə göstərir ki, belə vəziyyətdə ani fasilə edib, folklordan, olsun elə milli adət-ənənələrimizdən bir misal gətirisən. Tələbələrin hamısının necə diqqətlə qulaq asdıqlarını, bir andaca xəyallar aləmindən auditoriyaya “qayıtdıqlarını görmək belə nümunələrin gücünə sarsılmaz inam yaradır.
Ali məktəbdə başqa müəllimin dərs dediyi tələbələrlə qarşılaşmalı olursan. Bu, müəllim yoldaşı daha yaxşı tanımağa kömək edir. Mən də İnqilab müəllimin dərs dediyi tələbələrlə və ya magistrlərlə ünsiyyətdə olmuşam. Onların hazırlıq səviyyələri İnqilab müəllim barədə yaxşı fikirlər söyləməyə əsas verir. Yetirmələrinin İnqilab Xəlilov barədə dedikləri xoş sözlər, gözəl fikirlər də çox şeydən xəbər verir: Nəticəyə gəlirsən ki, İ.Xəlilov təkçə fənlə bağlı bilikləri öyrətməklə işini bitmiş saymayan, tələbələrə bir ağsaqqal qayğısı göstərən, problemləri ilə maraqlanan və imkanı daxilində bu problemləri aradan aradan qaldırmağa kömək edən dəyəli bir dostdur.
Hər insan ömrü öyrənilməli, araşdırılmalı, oxunmalı bir kitabdır. Bu kitaba münasibəti isə evdə valideyn, məktəbdə müəllim formalaşdırır. Həmkarım İnqilab müəllim də belə pedaqoqlardan biridir. Arzum budur ki, o, uzun illər bundan sonra da öz zəngin təcrübəsilə gənclərimizə nümunə olsun. Bu fəaliyyətində ona daha böyük uğurlar arzulayırıq.

Oqtay Abbas,
yazıçı-şair, pedaqogika üzrə fəlsəfə doktoru

SON XƏBƏRLƏR
Türk PUA-ları havaya qalxdı: terrorçular məhv edildi
Ərazi itkisinə yol verilməyib - Müdafiə Nazirliyi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir
Ermənilərin hücumunun qarşısı alındı, şəhidlərimiz var - RƏSMİ
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı
Ekspres avtobuslar üçün yeni dayanacaqlar müəyyən edildi
Sabiq nazirin anası koronavirusdan dünyasını dəyişdi
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
Azərbaycanda çaylar daşdı - Kəndləri sel basdı
FHN-dən yağış sularının dolduğu yerlərlə bağlı AÇIQLAMA
İcra başçısının müavini və şöbə müdiri koronovirusa YOLUXDU
Azərbaycanda bu hospitalın həkimi də koronavirusa yoluxdu
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edildi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi
Arif Qasımovun qanunsuz tikdirdiyi restoran söküldü
Şəhid komandir Raquf Orucovla bağlı videokonfrans keçirildi
Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN
İtaliyada koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə daha 21 nəfər pandemiyanın qurbanı oldu
Prezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Göldə yoxa çıxan aktrisanı tapa bilmirlər
Azərbaycanlı müğənni bu fotosuna görə tənqid olundu
Məşhur müğənninin anası etiraf etdi
Bakıda 45 yaşlı kişini avtomobil vurdu
Bu gündən ictimai nəqliyyat iki gün İŞLƏMƏYƏCK
Qazaxıstanda 56 mindən çox insan koronavirusa yoluxdu
Sabirabadda DƏHŞƏT: 16 yaşlı qız özünü ağacdan asdı