Şeirlərdə misra-misra özüməm - Faiq Hüseynbəylinin şeirləri

Tarix:20-12-2018, 13:16 Baxış Sayı:366 Kateqoriya:edebiyyat

Şeirlərdə misra-misra özüməm - Faiq Hüseynbəylinin şeirləri
Milliirs.az MANERA.AZ-n Faiq Hüseynbəylinin şeirlərini təqdim edir:

***
Sən demə bu tindən sonra payızmış,
Sanırdım bahardı, yazdı mənimçün.
Mən görən yuxular gerçək olmadı,
Fələklər tərsinə yozdu mənimçün.

Tanrının üzüydü üzün... sevirdim,
Kirpiyi sevirdim, gözü sevirdim.
Sözə inanırdım, sözü sevirdim,
Deyirdim bu dünya sözdü mənimçün.

Sel kimi, su kimi axıb getmisən,
Eşqin çaxmağını çaxıb getmisən.
Məni qaranlığa yıxıb getmisən,
Hər tərəf dumandı, tozdu mənimçün.

Kimə təsəllidi, göynədər kimi -
Ayrılıq... şəhərdən köylərə kimi.
Haqlısan yerlərdən göylərə kimi,
Mənə nə eləsən, azdı mənimçün.

İki əlim qanda olsa

Sənə gələn haqq yoludu, əfəndim,
Kölə canım xan da olsa, gələrəm.
Çağır məni, səssizlikdən ürpəndim,
Can üstündə can da olsa, gələrəm.

Dilə gətir içimdəki rübabı,
Bu quluna rəva görmə əzabı.
İki nədir, dünyaların hesabı
Beş də olsa, on da olsa gələrəm.

Lal olaram, quruyaram, axmaram,
Qərq olaram günəş kimi, çıxmaram.
Bu dünyanın nizamına baxmaram,
Yaradılış sonda olsa, gələrəm.

Donub sənsiz ömrüm-günüm, hər anım,
Həsrət dadır, qəm qoxuyur dörd yanım.
Çağır məni hüzuruna, sultanım,
İki əlim qanda olsa, gələrəm.


***
Səni misra-misra çəkdim içimə,
Başım dumanlanır, çən alınırsan.
Həsrətin, kədərin-qəmin içində,
Necə də mehriban, şən alınırsan.

Neynirəm atəşi, içim bir odkən,
Alışıb-yanarkən, adında adkən...
Bu qədər uzaqkən, bu qədər yadkən,
Ən yaxın, ən sadiq, ən... alınırsan.

Gəl, ey tənhalığım, təkliyim qadın,
Min ildi həsrətin çəkdiyim qadın.
Söz-söz ürəyimə əkdiyim qadın,
Saçımda bir ovuc dən alınırsan.

Daha faş olmalı bu sirr, yazıram,
Səni hərf-hərf, bir-bir yazıram.
Mən hansı qadına şeir yazıram,
Axırda yenə də sən alınırsan.


***
Quruyur bu eşqin budağı belə,
Gəl, ey yaz müjdəlim, xoş nəfəs gətir.
Bu gözə göz gətir, bu ələ əl ver,
Mənə söz ismarla, mənə səs gətir.

Səssizcə, sakitcə yeri ömrümdən,
Səsindən canlanan diri ömrümdən.
Bütün əzabları kürü ömrümdən,
Hicranı, həsrəti, qəmi tərs gətir.

Bu eşqi ürəkdə daşımaq olmur,
Təkcə əzizləmək, oxşamaq olmur...
Gəl, ey yaz müjdəlim, yaşamaq olmur,
Gələndə özünlə bir həvəs gətir.

Ürəklər oxşayan gözəl an gətir,
Nəyi gətirirsən, firavan gətir.
Bu ruha ruh gətir, cana can gətir,
"Bu ruha can adlı bir qəfəs gətir."


***
Səni niyə çox istədim, bilmədim,
Elə bil ki, mən olmusan nə vaxtsa.
Uşaq kimi əllərimdən tutmusan,
Saçlarımda dən olmusan nə vaxtsa.

Dəryalardan xilas edib Nuhumu,
Öz üstünə götürmüsən ahımı.
Günəş kimi əritmisən ruhumu,
Yollarımda çən olmusan nə vaxtsa.

Hər nə var bu şıltaqlıqda, inadda,
Sanki səndən bir parçadı həyatda.
Elə bil ki, həyatımda bu adda
Sən olmusan, sən olmusan nə vaxtsa.

Bax, yanıram bu atəşdə köz kimi,
Darıxıram bir sahibsiz iz kimi.
İndi-indi söz kimisən, söz kimi,
Səs olmusan, ün olmusan nə vaxtsa.

Möhür sənin... sən verdiyin arayış,
Məhəbbətdən-məhəbbətə sıçrayış...
Sanki sənə eyləmişəm sitayiş,
Üz tutduğum yön olmusan nə vaxtsa.

Bir eşqdi bu, nazil olub kitabla,
Bir könüldən min könülə əzabla.
Yüz ildən bir qayıdırsan... hesabla
Beş olmusan, on olmusan nə vaxtsa...

Özün saldın olanları cədvələ,
Qovuşmadı bu dünyada əl-ələ.
İndi niyə qayıtmısan əvvələ? -
Özün axı son olmusan nə vaxtsa.

Səni niyə çox istədim, bilmədim,
Elə bil ki, mən olmusan nə vaxtsa.
İndi-indi söz kimisən, sevgilim,
Səs olmusan, ün olmusan nə vaxtsa.


***
Gözlərində dərin qüssə-qəhər var,
Dodağında bir öpüşlük kədər var.
Hər gecədən sonra nurlu səhər var,
Ümidini üzmə sözdən, şairim.

Bu dünyada bir adamlıq ad gərək,
Dərdlərinə doğma gərək, yad gərək.
Ovucunda kül olası od gərək,
Keçib gəldim kösöv-közdən, şairim.

Pənah gəldim pir olana, qorxmadım,
Özü-sözü sirr olana, qorxmadım.
Mən sığındım bir olana, qorxmadım
Nə əllidən, nə də yüzdən, şairim.

Duyğuları sona yetir, öyrənək,
Haqqı tapdaq altdan götür, öyrənək.
Bu dünyanı sətir-sətir öyrənək,
Sən o üzdən, mən bu üzdən, şairim.


***
Salam, Tanrım mənim, salam, İlahi,
Mən gülü burnumda solan bəndənəm.
Çətin tanıyarsan bu qəmi, ahı,
Filankəsin oğlu filan bəndənəm.

Qarada itirdim bütün rəngləri,
O asan rəngləri, çətin rəngləri.
Atadan-anadan yetim rəngləri
Həyat tablosuna salan bəndənəm.

Milçəklər qaynaşır söz pətəyində,
Nə kökündə dad var, nə kötəyində.
Həqiqət, azadlıq, haqq ətəyində,
Zühur namazını qılan bəndənəm.

Bəlkə də xitabım sənə xoş deyil,
Həmin adam deyil, vətəndaş deyil -
Heçdən yaratsan da içim boş deyil,
Sən özün "Ol!" dedin, olan bəndənəm.

Çətin tanıyarsan... əyər tanısan,
Sən özün bu ruhun tərcümanısan.
Bütün şeirlərin qəhrəmanısan,
Min ildi qeydinə qalan bəndənəm.

Kimsə söz çeynəyir burda acından,
Qaçır ömrü boyu ehtiyacından...
Göstər ağ rəngini, tutum ucundan,
Mən yalan bəndənəm, yalan bəndənəm.

Sağ ol, Tanrım mənim, İlahim mənim,
Səndən öz payımı alan bəndənəm.

Papaq

Yavaş-yavaş, ilbəil yox olur
kənddə köhnə kişilər
köhnə evlərdən.
Buxara papaqlar başsız qalır
damların altda.
Son gün tükənir, xərclənir ömürdən,
Ölümlə üz-üzə qalır həyatda
insanoğlu.
Hər köhnə kişi yox olduqca
sıxılır adam.
Hər köhnə kişi yox olduqca
ömürdən bir addım yıxılır adam.

Başı boş saxlamazdı köhnə kişilər,
Ayaz kişi "kepka" geyinərdi,
Hüseynxanın başı öz papağıyla öyünərdi.

Yavaş-yavaş, ilbəil yoxa çıxır
kənddə papaqlar.
Hər şey başqa cür idi qabaqlar.
Papaqlar başsız qalıb,
Başlar bədənsiz,
Bədənlər ruhsuz...
Papaqlar baş axtarır,
Başlar bədən...
Ruhunu qaytar bu kəndin, İlahi,
Papaqsız qalıb bəndən.

Yavaş-yavaş yoxa çıxır köhnə papaqlar,
Papaq alta yatardı kişilər qabaqlar...

Kəndimizdə bir papaq da var,
Öz ölümünü gözləyir.

Üç qadın

Bu dünyada üç qadınnan keçmişəm -
Xəyanətdi...
Sədaqətdi...
Sevgidi...
Üç qadının əlinnən su içmişəm -
Hərarətdi...
Lətafətdi...
Sevgidi.

Üç qadına varaqlandım, oxundum,
Axtarıldım, soraqlandım, oxundum.
Üç qadınla maraqlandım, oxundum -
Cinayətdi...
Məhəbbətdi...
Sevgidi...

Bu ölümə gedən yoldu olumdan,
Gah önümdən, gah sağımdan-solumdan.
Üç qadının yolu keçib yolumdan,
İnayətdi...
Dəyanətdi...
Sevgidi...
Mən yolumu üç qadınnan salmışam,
Üç qadının taleh yolu olmuşam.
Çiynimə üç qadın yükü almışam,
Cəsarətdi...
Əsarətdi...
Sevgidi...

Dedim, budur, gəldi bir eşqin fəsli,
Gözəlliyin özü, ruhu və əsli...
Üç qadının bir kişiyə hasili -
Mərhəmətdi...
İbadətdi...
Sevgidi...


***
Yaz bunu bir yerə, mənimsən daha,
Necə ki səninəm, sən də mənimsən.
Yolumu azmaram dumanda-çəndə,
Dumanda mənimsən, çəndə mənimsən.

Vermərəm könlümü dərin qızlara,
Gözləri od saçan sərin qızlara.
Aldanmaz bu Faiq şirin qızlara,
Aldanmaz şəkərə, qəndə, mənimsən.

Ömrümə son qoysa ölüm, çatmasa -
Çatmasa murada, gülüm, çatmasa...
Ünüm yetişməsə, əlim çatmasa,
Olsan da uzaqda, gendə, mənimsən.

Bu ömrə yazıldın, günə yazıldın,
Əvvələ yazıldın, sona yazıldın.
Bütün kitablarda mənə yazıldın,
Bütün inanclarda, dində mənimsən.

Üzün günəş, sinən qar... işıq düşür,
Qaranlıq ömrümə yaraşıq düşür.
Şəhərdə sevgilər qarışıq düşür,
Gedək bu şəhərdən kəndə, mənimsən...


***
Hər şey başqa idi on il öncədən,
Görən nə dəyişər beş ildən sonra?
Hansı gün yıxılar xatirələrdən,
Köksünə sıxdığın şəkildən sonra?

Bu ruh da, bu can da borcdu insana,
Deyirlər, sevgi də, bəs, Allahındı.
Sən demə şeir də yazmır bu adam,
Bu söz Allahındı, səs Allahındı.

Sən sevdin, mən isə ilahiləşdim,
Qəbahət sənindi, günah səndədi.
Şairi bir belə sevməzlər, qadın,
Sevərsən, özünü Allah zənn edər.

Görən sevgi nədi? Yanında olmaq?
Qaşına-gözünə toxunmaqdımı?
Görən sevgi nədi? Bir ağ kağız tək,
Yazısız-qələmsiz oxunmaqdımı?

Sevgi göz yaşıdı, sevgi gülüşdü,
Elə bir gülüş ki, şimşək çaxışı...
Elə bir göz yaşı, leysanlar kimi...
Şəklimi incidir axı baxışın.

Elə baxma, zalım, şəkil neyləsin?
Tanrı həsəd çəkir eşqinə sənin.


***
Sənin hüzuruna Faiq adında,
Bu boyda-biçimdə yük gətirmişəm.
Bağışla, İlahi, sevmişəm Səni,
Bağışla, arada şəkk gətirmişəm.

Söz kimi şairin dilinnən çıxıb,
Dırnağınnan qopub, telinnən çıxıb,
Bir ruhla bir canın əlinnən çıxıb,
Yanına dərdimi tək gətirmişəm.

Gəlmişdim dünyaya söz yaratmağa,
Qəmə gülümsəyib, dərdə batmağa.
Kömək et, az qalıb Sənə çatmağa,
Tut mənim əlimnən, çək... gətirmişəm...

Sökülüb-dağılır içim, bərbadam,
Bu ruh mənim deyil, bu cana yadam.
Dedin, günahını gətirmə, adam,
Sən dedin... nə fayda, leyk, gətirmişəm.

Ömrümü qoydular gərilmiş yaya,
Ox kimi atdılar yalan dünyaya.
Cismi torpaqlara, ruhu səmaya
Tapşıran bəndənəm, "ök" gətirmişəm.
Bağışla, İlahi, sevmişəm Səni,
Bağışla, arada şəkk gətirmişəm.

Bəsimdi

Şeirlərdə misra-misra özüməm,
Beş-on nəfər duyan varsa, bəsimdi.
Yar yanımda yar deyilsə, eybi yox,
Ruhu ilə mənə yarsa, bəsimdi.

Eşqi ilə bağlayıb dörd yanımı,
Dondurub hər saatımı, anımı.
Bu od ilə, atəş ilə canımı
Səhər-axşam sarsa, sarsa... bəsimdi.

Kim doldurar eşqi ilə boş vaxtı?
Kim əridib mum eləyər daş vaxtı?
Bu ömrümün payız vaxtı, qış vaxtı,
Bahar mehi məni vursa, bəsimdi.

Sevən qəlbi bu həsrətdən qanasa,
Sevdiyini hər addımda sınasa,
Güzgüləri dönə-dönə qınasa,
Mənim üçün xəyal qursa, bəsimdi.

Haqq uğruna keçdim
daşdan-dəmirdən,
Qaraladım öz baxtımı kömürdən.
Şikayətim, gileyim yox ömürdən,
Daha məni həyat yorsa, bəsimdi.

Mən yerdəyəm, göydə süzür xəyalım,
Divanəlik, dərvişlikdi bu halım.
Can evimi viran qoysa vəfalım,
Ürəyimi belə qırsa, bəsimdi.

Sevgidə qürur olmur

Nə axşam axşam kimi,
Səhər olmur səhər də.
Sənin kimi darıxmır,
Qadınlar bu şəhərdə.

Sənin kimi sevməyir
Sevgisi bol olanlar.
Sənin kimi axtarmır,
Bəzən unudulanlar.

Sənin kimi kövrəlmir,
Ağlamır Allah belə.
Od püskürmür cəhənnəm,
Nəfəs belə, ah belə.

Etirafdı: görmədim
Nə əvvəllər, nə sonlar.
Bu necə bir qüvvədir,
Anlamaz nyutonlar.

Hər bir şey var bu eşqdə,
Ehtiras, söz və ölüm.
Bircə, bircə qürurun,
Qürurun yoxdur, gülüm.
Sevgidə qürur olmur...

Gəl

Gəl, ey dilbər, könül mülküm
qəmdən viran olanda gəl.
Əcəl zəngin çalan vədə,
can üstə can olanda gəl.

Leysan oldu gözüm yaşı,
Gəl, ey sirrimin sirdaşı.
Tutuşub da bağrım başı
hicrindən qan olanda gəl.

Sevən qəlbim abad olsun,
Qəmxanələr bərbad olsun.
Gəlişinlə dil şad olsun,
Qəmin mehman olanda gəl.

And verirəm pir eşqinə,
Bir olanın bir eşqinə.
Göy eşqinə, Yer eşqinə,
Haqdan fərman olanda gəl.

Çarə qıl sən, ey həbibim,
Yaqutum, zərim, əqiqim.
Mən bimaram, ol təbibim,
Dərdə dərman olanda gəl.

Qovuşarmı yar yarına,
Həmdəminə, simsarına?
Güldən gözəl rüxsarına,
Sinəm meydan olanda gəl.

Ey Faiq, pünhanın nədir,
Aşkarın, əyanın nədir?
Cismin nədir, canın nədir,
Ruhun şan-şan olanda gəl.

Təqdim etdi: Tural Adışirin

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda