İsmayıl Şıxlı: yaddaşlara əbədi həkk olunmuş yazıçı – III YAZI

Tarix:11-02-2019, 19:43 Baxış Sayı:217 Kateqoriya:edebiyyat

İsmayıl Şıxlı: yaddaşlara əbədi həkk olunmuş yazıçı – III YAZI
Milliirs.az Analoq.az-a istinadən yazır ki, İsmayıl Şıxlı əfsanə və rəvayətlərin əsasında yazdıqlarını həyatı boyu topladığı dərin təcrübə və müşahidə əsasında zənginləşdirmiş, oxucunun zövqünü oxşayacaq bir formaya, məzmuna salmışdır. Onun əfsanə və rəvayət əsasında yazdıqlarının demək olar ki, hamısı 1980 – ci illərin qələm məhsuludur. Burada vicdan, ləyaqət, sədaqət, dözüm, xəyanəti bağışlamamaq, ruzunun qədrini bilmək, xislət və xasiyyətini gizlətməyənlərin iç üzünü açmaq və s. məsələlər geniş oxucu kütləsinə çatdırılır.

Mənəvi aşınmaların tarixilik və müasirlik bucağında görünən, eləcə də görünməyən tərəfləri açıqlanır. İsmayıl Şıxlıya görə, pis xasiyyətlər, vərdişlər, xislət həmişə cəmiyyətə, insanlara ziyan gətiribdir. Onun bədii düşüncəsinə görə, tez – gec hər bir kəs öz xislətini üzə çıxaracaqdır. Necə ki, tısbağa xeyirxahlıq edərək əqrəbi boynuna alıb sahilə çıxarır. Ancaq əqrəb bu xeyirxahlığın müqabilində xislətini gizlətməyərək tısbağanın boynunu çalır. Əqrəbin zəhəri tısbağanın canına, qanına, ürəyinə işləyir. O, son dəfə gücünü toplayıb deyir:
– Məni niyə çaldın, ay namərd?
Əqrəb üzünü tısbağaya çevirərək deyir:
– Məndən incimə, qardaş, xasiyyətim belədir, çalmasam dura bilmərəm.

Əlbəttə, İsmayıl Şıxlı “Qızıldan olsa da, qarğa yuvası, Adı ki, qarğadır nədir mənası?”, “Əqrəbin vurması deyil qəbahət, Tanrıdan verilmiş ona bu adət” deyimlərini ümumiləşdirərək oxucunun qəlbinə yol tapır, onu düşündürür, özü də mənəviyyat aləminin dərinliklərinə baş vurmağa məcbur edir. Məncə, bunu ən azı ədəbiyyata xidmət kimi başa düşmək olar. Dünya dəyişir, əsrlər yeniləşir, həyatımıza, məişətimizə müasir texniki tərəqqinin nailiyyətləri gəlir.

Ancaq bununla belə, ədəbiyyata həmişə ehtiyac var. İsmayıl Şıxlı kimi sənətkarların sözünə, dilinə, yaradıcılığına həmişə tələb var. Başqa cür mümkün də ola bilməz. On görə ki, İsmayıl Şıxlı bir yazıçı kimi həmişə sarı simə vurur. Onun “Məni itirməyin” əsərində belə bir yer var: od, su və vicdan yoldaş olurlar. Onlar uca bir dağ döşündə dincəlmək məqsədi ilə dayanıb qarşıdakı sonsuz üfüqlərə baxırdılar. Ayrılmaq vaxtı çatanda vicdan əlini dostlarının çiyininə qoyub soruşdu:
– İşdir, birdən bir – birimizi itirsək, necə tapışacağıq?
Su gülə - gülə dilləndi:
– Harada çəmənlik, yaşıllıq görsəniz, məni orada axtarın.
Od dedi:
– Harada ocaq, bacalaradan burulub çıxan tüstü görsəniz, bilin ki, oradayam. – Bəs səni itirsək, necə tapaq ay vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
– Aman günüdür, məni itirməyin, itirsəniz bir də tapa bilməzsiniz. Bax, İsmayıl Şıxlının yazıçı kimi daxili aləminin kimliyi buradadır, Vicdan adlı obrazın duyub
düşündüklərindədir.

İsmayıl Şıxlı əfsanə və rəvayətlərə təsadüfi olaraq müraciət etməmişdir. Onu bir yazıçı kimi həmişə cəmiyyətin problemləri düşündürmüş, ona heç vaxt biganə qalmamışdır, sözünü demişdir. O, öz sözünü demək üçün əfsanə və rəvayətlərə ona görə müraciət etmişdir ki, əfsanə və rəvayətlərlə fikir çox sərrast deyilib, eyni zamanda bütün vaxtlar üçün söylənilibdir. İsmayıl Şıxlı bir yazıçı kimi cəmiyyətin inkişafına mane olan hallara qarşı öz sözünü demək üçün axtarıb tapdığı vaitələrdən biri əfsanə və rəvayətlərdir ki, məhz onlara da müraciət etmişdir. Bunu nə üçün rəvayətlər yazırsınız? sualına onun vaxtilə verdiyi cavab da təsdiq edir. İsmayıl Şıxlı bu suala belə cavab vermişdir: “.... Yaşadığımız dövrdə adamın qarşısına elə suallar, elə problemlər çıxır ki, mütləq ona öz münasibətini bildirməli olursan. İstəyirsən ki, həmin məsələlərə laqeyd qalmayasan.

Cəmiyyətimizə, inkişafımıza mane olan, ictimai əxlaq qaydalarımızın ziddinə gedən hallara qarşı amansız, kəsərli mövqe tutasan. Bu hər bir vətəndaşın, hər bir yazıçının vicdan borcudur. Bax belə hallarda yazıçı öz fikrini demək üçün vasitələr axtarır, sözünün daha kəsərli, fikrinin daha iti olması üçün, oxucularla daha tez dil tapmaq məqsədi ilə yeni ədəbi formalara müraciət edir. Mən də bir yazıçı kimi, bu yolla getmişəm və görmüşəm ki, uzun əsrlərin sınağından çıxan müdrik xalq rəvayətləri və əfsanələri məni düşündürən müasir məsələlərə çox sərrast cavab verir”.

İsmayıl Şıxlının ömür yolunda müəllimlik müqəddəs bir peşə olmuşdur. Onun müəllim peşəsinə bağlılığı təsadüfi deyildir. Bu peşəyə məhəbbət onun böyüyüb boya – başa çatdığı ailədən başlamışdır. Belə ki, İsmayıl Şıxlı müəllim ailəsində böyümüşdür. Atasının dostları və qohumlarının çoxu müəllim olmuşdur. Təsadüfi deyildir ki, “Dəli Kür” romanında Qori müəllimlər seminariyasına həsr etdiyi səhnələrdə Azərbaycanda yeni tipli müəllimlərin necə yaranmağa başladığını göstərmək istəmişdir. Bu seminariyanın Azərbaycana çox istedadlı müəllimlər və mədəniyyət xadimləri verdiyi hamıya bəllidir.

O, da bəllidir ki, bu seminariyanın Azərbaycan şöbəsi 1918 – ci ildə Firudinbəy Köçərli tərəfindən Qazağa köçürülmüşdür. Və sonra pedaqoji texnikuma çevrilmişdir. İsmayıl Şıxlı Qazax Pedaqoji Texnikumunda təhsil almış və bütün ömrü boyu buradakı nizam – imtizamı, ona dərs deyən müəllimləri unutmamışdır. Ən sevimli müəllimlərindən olan fizika müəllimi Abdulla Babanlını, riyaziyyat müəllimi Yunis Əyyubovu, tarix müəllimi Əli Əliyevi bütün ömrü boyu unutmamışdır. İsmayıl Şıxlı bu müəllimlərindən diqqətli və tələbkar olamağı, tələbələrə ədalətli qiymət verməyi, fənnini mükəmməl bilməyi, çox məharətlə dərs deməyi, müəllimlik sənətinə Məcnun məftunluğu ilə yanaşmağı, aydın bir dildə dərsi izah etmək bacarığı, sadə və səmimi olmağı öyrənmişdir. O, “Mənim tərbiyəçilərim” adlı məqaləsində yazırdı: “Biz başa düşdük ki, müəllimin sevilməsi üçün əsas şərtlərdən biri onun öz fənnini gözəl bilməsidir”.

İsmayıl Şıxlı Qazax Pedaqoji Texnikumunu bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) oxumağa gəlmişdir. Onu elə birinci mühazirəsində əfsunlayan müəllimlərindən biri Əli Sultanlı olmuşdur. Əli Sultanlı İsmayıl Şıxlıda Qərbi Avropa ədəbiyyatına maraq, həvəs oyadan müəllim olmuşdur. İsmayıl Şıxlı Əli Sultanlıdan ehtiraslı, cılğın mühazirə deməyi, sinədən mühazirə oxumağı öyrənmişdir. Elə buna görədir ki, İsmayıl Şıxlı Qərbi Avropa ədəbiyyatından dərs deyən, tələbələrin sevimlisinə çevrilən müəllim olmuşdur. Əli Sultanlı olmaq istəyi onu İsmayıl Şıxlı etmişdir.

O, vaxtilə özü səbirsizliklə Əli Sultanlının növbəti mühazirələrini necə gözləmişdirsə, onun tələbələri də İsmayıl Şıxlının mühazirələrini həmin səbirsizliklə gözləmişdir. Onda Qərbi Avropa ədəbiyyatına Əli Sultanlı necə həvəs oyatmışdırsa, o da öz tələbələrində həmin həvəsi yaratmışdır. O, vaxtilə Əli Sultanlıdan həvəslənərək necə Qərbi Avropa ədəbiyyatına “hücuma” keçmişdirsə, “Hamlet”dən, “Otello”dan monoloqlar demişdisə, Homerin, Esxilin əsərlərini Əli müəllim kimi danışmağa çalışmışdırsa, Viktor Hüqonun “Səfillər” əsərini dönə - dönə oxumuşdursa, “mərhəmət fəlsəfəsini” başa düşdüyü kimi izah edib, mülahizə açmışdısa, onun tələbələri də elə həmin şəkildə İsmayıl Şıxlıdan həvəslənərək ona bənzəməyə çalışmışlar. Onun tələbələri İsmayıl Şıxlı olmaq istəmişlər. Bunun səbəbi İsmayıl Şıxlının öz tələbələrində Qərbi Avropa ədəbiyyatına yaratdığı həvəs və məhəbbətlə bağlı olmuşdur. İsmayıl Şıxlı vaxtilə Əli Sultanlı məktəbini, İsmayıl Şıxlının tələbələri isə İsmayıl Şıxlı məktəbini keçmişdir. İsmayıl Şıxlı öz müəllimi Əli Sultanlı barəsində yazırdı: “Kursumuzda yüz əlli tələbə var idi. Yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi.

Bizim məktəb yoldaşlarımızdan sonralar tənqidçi kimi tanınan mərhum Abbas Kirəcli zarafatla deyərdi ki, biz ədəbiyyat fakültəsini yox, Əli Sultanlı fakültəsini qurtarırıq”. İsmayıl Şıxlı ona dərs deyən bütün müəllimlərinə həmişə özünü borclu hesab etmiş və onları heç vaxt unutmadığını söyləmişdir. O, yazırdı: “Mən dərs demək qaydalarını onlardan öyrənmişəm. Əgər öz tələbələrimə az –çox maraqlı mühazirələr oxuya bilirəmsə, bunun üçün öz müəllimlərimə, xüsusən mərhum professorumuz Əli Sultanlıya borcluyam”.

İsmayıl Şıxlı Əli Sultanlıdan ehtirasla, çılğınlıqla dərs deməyi öyrənmişdi. Onda ehtirasla, çılğınlıqla dərs demək həvəsini yaratmış Əli Sultanlının bu xarakterik keyfiyyəti barəsində yazırdı: “Hətta bir dəfə ondan (Əli Sultanlıdan – B.X.) soruşdum ki, siz eyni mövzunu ikinci, üçüncü dəfə təkrar edəndə həvəsdən düşmürsünüzmü? O gülümsündü və mənə cavab verdi ki, sən mühazirə oxuyanda həmin mövzunu təkrar etdiyini unut. Çünki səni dinləyən tələbələr bilmirlər ki, sən iki saat bundan əvvəl həmin mühazirəni oxumusan. Onlar sənə ilk dəfə qulaq asırlar. Ona görə də eyni həvəslə dərs deməlisən”.

İsmayıl Şıxlı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) müəllim, baş müəllim, dosent olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, rəhbərlik etdiyi kafedraya səmimiyyət, ünsiyyət mədəniyyəti, hörmət və ehtiram, bir – birinin qədrini bilmək və s. keyfiyyətlər gətirmişdir. Kafedra iclaslarında baş verən diskusiyalar, polemikalar, fikir mübadilələri ziddiyətə yox, qarşılıqlı anlaşmaya xidmət etmişdir. O, buna kafedra əməkdaşlarının tez – tez halal duz – çörək kəsməsiylə nail olmuşdur.

Nəticədə evindən kafedraya gələn və kafedradan evinə gedən hər bir əməkdaş özləri ilə səmimiyyəti gətirmiş, səmimiyyəti də aparmışlar.
İsmayıl Şıxlı öz tələbələrindən bir müəllim kimi qayğısını, xeyirxahlığını, səxavətli əməllərini əsirgəməmişdir. Onun dərs dediyi fəndən tələbələrinin böyük əksəriyyəti həmişə əla qiymətlər almışlar. Bunun səbəbi onunla bağlı olmuşdur ki, o, bir tərəfdən fənnini tələbələrə sevdirməyi bacarmış, ikinci bir tərəfdən tələbələr həmişə İsmayıl Şıxlıya olan hörmət və ehtiramlarını yaxşı oxumaqla doğrultmuşlar. İsmayıl Şıxlının tələbələri onun dərs dediyi fənni oxumamağı özlərinə böyük eyib hesab etmişlər.
İsmayıl Şıxlı müəllimlik fəaliyyətində rəsmiləşməmiş, ancaq həmkarlarının və tələbələrinin yaddaşında yaşayan, bütün zamanlarda örnək olacaq bir təqaüd də təsis etmişdir. Həmin təqaüd “İsmayıl Şıxlı” təqaüdü olmuşdur. Bu təqaüdü İsmayıl Şıxlı öz halal əmək haqqı ilə qayğıya ehtiyacı olan tələbələrinə vermişdir. Özü də elə bir üsulla vermişdir ki, onu alan tələbələr çox – çox sonralar başa düşmüşlər ki, heç bir yerdə rəsmiləşməyən “İsmayıl Şıxlı” təqaüdü almışlar. Deyilənə görə, müəllim həmkarlarının və tələbələrinin sevimlisi olan İsmayıl Şıxlı “Qızıl İsmayıl” adını qazanmışdır. Bu qızıllıq İsmayıl Şıxlının bütün fəaliyyətinə - müəllimliyinə, alimliyinə, yazıçılığına, ictimai – siyasi xadimliyinə aiddir.
DAVAMI VAR...
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub