Tənhalığın həyat əsəri – “Mən yoxam”

Tarix:5-02-2019, 16:26 Baxış Sayı:168 Kateqoriya:edebiyyat

Tənhalığın həyat əsəri – “Mən yoxam”
Milliirs.az manera.az-a istinadən xəbər verir ki, Hər bir yazıçının yazdığı əsərinin, istər hekayə olsun, istər roman, həmin əsərlərin bir həyat etalonu var. Bədii əsərin yaranmasını şərtləndirən əsas cəhət isə həyat hadisələrinə baxış açısıdır. Kiçik əsərlərə nisbətən roman janrı insan xarakterlərinin sosioloji anatomiyasını tam-tamına açır, oxucunu hər hansı bir həyatın daxilində baş verən hadisələrlə tanış edir, həyat nüvəsindəki problemləri xəyal süzgəcindən keçirərək cəmiyyətin ixtiyarına verir.
Qurban Yaquboğlunun “Mən yoxam” adlı romanı da böyük bir həyat tarixini milli-sosioloji, mədəni-psixoloji testdən keçirərək dövrün ictimai-mədəni fütuatını mənəviyyət müstəvisində uğurla həll edir. Nasirin yazı manerası tamamilə fərqlidir. Romanın bədii konstruksiyası xarakterlərin əksiklikləri ilə oxucunu həyatın dərinliklərinə aparır.
Romandakı obrazların tipik xarakterləri hər bir oxucu üçün bir siluetə dönür. Oxucu bu obrazların içərisində ancaq və ancaq gördüyü və duyduğu kəndin idilliyasını dərk etməyə çalışır. Əsərin ilk səhifəsindən son səhifəsinə qədər yazıçı xalqın sadə həyatının milli-mədəni səviyyəsini oxucu yaddaşına köçürür.
Əsərdəki hadisələr o qədər sadə və səmimiyyətlə təsvir olunur ki, oxucu o hadisələr zəncirindən ayrıla bilmir. Sanki, oxucu o obrazlarla daxili bir ünsiyyətə girir.
Q.Yaquboğlunun “Mən yoxam” əsəri Azərbaycan kəndinin mənəvi-psixoloji aləminin dağılmasını, yeni post-modern həyatla uyğunsuzluğunu xarakterizə etməyə çalışır. Yazıçı böyük ürək ağrısı ilə keçmiş milli-mədəni həyatın dağılmasını oxucunun gözləri önündə canlandırır.
Yazıçının həyat monitorundakı Azərbaycan kəndi, onun insanı sosioloji-psixoloji durumu ilə aydın görünür. Həyat dəyərlərinin ibtidai-primitiv anemistik impulslarla oxucu qəlbini həm də ağrıdır. Əsərin hər bir fəslində yazıçının yaratdığı insan obrazları həyat nostalgiyasından doğan bir həyat fəlsəfəsi ilə üzər çıxır. Bu əsərdə məchul bir bədii obraz var. Bütün həyat hadisələri o məchul obrazın ətrafında cərəyan edir. Bu obraz əsərin əvvəlində az görünsə də, əsərin sonunda canlı bir əfsanəvi obraza çevrilir. Yazıçının həyat fəlsəfəsi də o məchul obrazla üzə çıxır. Həmin məchul obraz əsər boyu filosofluq edir. Məchul obrazın bütün düşündükləri həyat testoloji sınaqlarından doğmuş müdrik fikirlərdir.

Məchul obraz söyləyir: “Həyatım boyu dərk elədiyim, qəbullandığım həqiqətlərdən biri də budur, – bir insan tək bir insandan ibarət deyil, özünəoxşar, özünəziddi, bəzən tamam fərqli, bəzən xeyli bənzər müxtəlif adamların cəmidi, bir-birinə calağıdı, bir qaba, bir dəriyə, bir cana, bir tənə sığışmasıdır. Yan-yanaşı, iç-içə ömür sürməsidi”. (s.30)

Yazıçının romandakı həyat həqiqətlərini obrazların dilindən bu cür söyləməsi oxucunu həyata bağlayır.

Müasir oxucu obrazların içərisinə düşərkən idilli kənd həyatını daha yaxından tanıyır. İdilli kənd həyatının panoramasında isə hadisələrin kədərli və qayğılı davamı oxucunu mənəvi cəhətdən silkələyir.

Əsərin fəsilləri ayrı-ayrı adlarla verilməsə də bədii sxematizm hadisələri bir-birinə bağlayır. Beş fəsil və “beş gün”dən ibarət olan roman feodal patriarxallığın xeyli uzaqda qaldığımı təcəssüm etdirir.

“Mən yoxam” əsərindəki obrazlar birmənalı şəkildə keçmiş həyatla müasir həyatın arasında qalan qurbanlardır. Bu əsərin obrazlar qalereyasında şeyx obrazı da, ağsaqqal obrazı da, uşaq obrazı da, ana obrazı da və digər məsləki obrazlar da – sürücü, çoban obrazları da bir-birinə bağlı obrazlardır.

“Mən yoxam” əsəri tərəkəmə xalq həyatının həyatı uğraşları ilə oxucunu tanış edir, oxucu tərəkəmə kənd həyatının idilliyasında ailə-məişət münasibətlərinin rəngarəngliyini bütün boyutları ilə öz içinə alır. Oxucu da bəzən əsərdə öz taleyini axtarmağa çalışır. Tale nədir sualına cavab axtaran oxucu obrazların hikkəli davranışının nəticəsini, sonluğunu görür. Cahillikdən, savadsızlıqdan doğan həyati umu-küsü insanları sosial-toplum olaraq biri birindən uzaqlaşdırır, mənəvi sivilizasiyanın dağılmasına gətirib çıxarır.

Əsərdə oxuyuruq: “Heç nə dəyişmir, heç nə keçib getmir, sən arxayın ol. Olan hadisə qırağa çıxır, gendə durub qalır”.(s. 52)

Q.Yaquboğlunun “Mən yoxam” əsəri xalqın unudulmayan milli-mənəvi əxlaqının patalogiyasını oxuculara təlqin edir: “Tərəkəmə qızı olan anamın mərhəm rəftarında heç vaxt baş açmadığım gizli mətləb var”, (s. 62) deyən fərd kimdir?! O, bir xalqın, toplumun ayrılmaz fərdidir, üzvüdür. O, öz toplumunda xoşbəxtlik görməyən birisidir. Çünki, insanları bir-birindən uzaq salan gizli bir “nədən” var. O “nədən” həyatın özündən gəlir, onun keçmişindən gəlir. Cahillikdən və savadsızlıqdan doğulur.

Q.Yaquboğlunun “Mən yoxam” əsərini həyatın “göz yaşı” romanı da adlandırmaq olar. Çünki müəllifin bu əsərində dağılmış, xaraba bir kəndin “maketi” var. İnsanların kədərli bir həyat macərası var. Bu köhnə kənd “maketində” heç bir insan xoşbəxt deyil. Bu kəndin varlığından heç bir əyalət insanın xəbəri yoxdur. Heç kəs bu kəndin nə çiçəklənməsini düşünür, nə də heç kəs bu kənddə baş verənlərdən bir nəticə çıxarmır. Hər kəs zamanın məchulunda axıb gedir, həyatın axarında əriyir, itib-batmağa çalışır, “yox olmağa” çalışır.

Nasirin “Mən yoxam” həyat fəlsəfəsində nə dayanır?! Ədib “mən yoxam” ifadəsini xalq məntiqinə uyğun olaraq açır. Xalqın həyat məntiqində pis işlərdən bezikən insanlar, həyat sıxıntısını nəzərə alaraq həyat hadisəsindən uzaqda durmağa çalışır və əxlaqi məsuliyyət hissi ilə həmin hadisələrə nəzərən “mən yoxam” deyir. Müəllif bu prizmadan həyat hadisələrinə yanaşaraq “mən yoxam”ın sivil, müsbət və mədəni bir insan obrazını kamilliklə yaradır. Əsərin ortalarına doğru həyat obrazı Yad adam obrazı kimi ortaya çıxır.

Yad adam obrazı vasitəsilə müəllif öz həyat fəlsəfəsini həyat həqiqətinə uyğun olaraq, oxucusu ilə bölüşür. Həyatın nostalgiyasına bürünən hadisələr “Yad adam” obrazı ilə birər-birər açılır. Oxucu “Yad adam” obrazı ilə hadisələrin mahiyətini anlayır.

Öz doğma obasından, elindən uzaq məmləkətə didərgin düşən insan sosial-topluma yadlaşır. O, sosial-topluma yadlaşsa da öz keçmişini unutmur. “İyirmi beş illik ayrılıq”dan sonra öz yurduna qayıdan yad adam öz keçmişinin – tərəkəmə həyatının gözəlliyini dərk etməyə çalışır. “Yad adam”ın başına gələn həyatın “tale oyunu” onu elindən-obasından qopartsa da, o, mənəvi cəhətdən sınmır. Mənəvi cəhətdən “Yad adam” tamamilə sağlamdır.
“Yad adam”ın həyatı həyat sehrinə bürünsə də o, öz keçmişini yenidən yaşamağa çalışır. “Yad adam” keçmişin ağuşuna sığınır.

“Mən yoxam” fəlsəfəsi nədir?! “Mən yoxam” fəlsəfəsi cahilliyə nifrətdən yaranır. İnsanlığın ölməsinə səbəb olan cahillik insanı dərin həyat köşəsinə sıxışdırsa da, insan məğlub olmamağa çalışır. Həyati sarsıntılar “Yad adam”ı həyat məntiqi ilə üz-üzə qoyur. “Yad adam”ın həyat manifesti əsərdə açıq-aşkar üzə çıxır:

“Tərk eləməyi öyrən”.
“Tərk olunmağa vərdiş elə”. (s. 64)

Q.Yaquboğlu bu əsərdə “dağ insanı”nın həm milli-eqoizmini, həm milli-saflığını, həm də əyilməzliyini göstərə bilmişdir.

Əsərdə “dağ insanı”nın bircə amalı var – azad yaşamaq! Bu azadlıq isə onlara çətin başa gəlir.

Böyük ailə tərəkəmə həyatının bir parçasıdır. Müasir həyat isə bu böyük ailənin içərisindən qara xətt kimi keçir. Tərəkəmə həyatının iç strukturları müasir həyat strukturları ilə əks qütblərdədir. Elə buna görə də, müəllif əsərdəki həyat obrazlarını həyat profilaktikası ilə ap-aydın öz oxucusuna göstərir.

Q.Yaquboğlunun yaratdığı “Mən yoxam” əsəri mükəmməl bədii xüsusiyyətləri ilə seçilir. Yazıçı öz oxucusu ilə xalq dili ilə danışır. Əsərdəki irili-xırdalı obrazlar oxucu xəyalına əbədi həkk olunur. “Yad adam”ın “xoşbəxt əclaflar” və “bədbəxt əclaflar” məntiqi həyatın bir sıra gizli məqamlarını insan ömrünün bir parçasına çevirir.

Q.Yaquboğlunun “Mən yoxam” romanının qəhrəmanı həyatdakı çarəsizliyə nə qədər aydın gözlə baxsa da, vicdan işığında o öz keçmişini dərk edir. Vaxtilə Rusiyaya mühacirət edən “Yad adam” qısa bir müddətdə öz yurdunda dinclik tapır.

Nasir əsərdə müasir oxucuya mühacir həyatından doğan faciənin ismarıcını verir. Vətən həsrəti, vətən sevgisi “Yad adam”ı vətənə qaytarır. “Yad adam” səyyah kimi dağları yenidən gəzir. O öz keçmişini bütün aydınlığı ilə dərk edir: “Dünyada heç bir təzə söz, köhnə sözü bir kərəmlik məhv eləmir. Hansı çeşiddə, növdə-löyündə olur olsun, hardan gəlir gəlsin, hirslə, qəzəblə, bıçaqla, süngüylə, top-tüfənglə yürüşə çıxsın, dədəmin oğlu, heç bir gələcək keçmişi büs-bütün itirə, batıra, basdıra bilmir”. (s.106)

Romanda hadisələr bir sıra gərgin situasiyalar ilə davam edir. “Yad adam” cahillik üzündən sahib ola bilmədiyi sevgisinin astar üzünü də oxucusuna göstərir. Əsərin kulminasiya nöqtəsində yazıçı “Yad adam”ı öz adıyla oxucusuna təqdim edir. “Yad adam” öz vətəndaş pasportundakı adı ilə üzə çıxır. Həmid obrazı oxucuların sevimlisinə çevrilir.

Romanda Həmidlə Yasəmənin sevgisi həyatın həm sirrini özündə saxlayır, həm də öz acı nisgili ilə oxucunu kövrəldir. Yazıçı feodal tərəkəmə həyatının dərinliklərində həm acısını axtarır, həm də insanlığa mane olan əngəlləri üzə çıxarır.

Sevgi məntiqinə sığınan nasir öz həyat fəlsəfəsindən çıxış edərək göstərir ki, “bir könül o biri könülə ilişdi, həlqə həlqəyə keçdisə bu sevginin bağını, nə bıçaq, nə balta, nə mişar kəsər”. (s. 139)

Yazıçının həyat fəlsəfəsi obrazların məntiqi düşüncələri ilə səsləşir. Bu isə oxucunun həyatı ideallaşmasına səbəb olur: “Yeriyəndə ayağının altına bax, dayananda ayın tarixinə”. (s. 146)

Romanda Həmidin külək, Yasəmənin yarpaq obrazını təmsil etməsi, həyatda xeyirlə şərin mübarizəsinin davamlı olduğunu göstərir. Ədib yaratdığı obrazla oxucunu həyata inandırır: “Yer üzündə bir qadının bir kişiyə olan həsrəti bitməyibsə susmağa mətləb, danışmağa söz olacaq”. (s. 149)

Q.Yaquboğlu “Mən yoxam” əsəri ilə həyatımızda yeni sivilizasiyanın keçmiş sivilizasiya ilə qarşılaşdırır. Dərin psixoloji həyat motivləri ilə oxucunun xəyal dünyasında böyük iz buraxır.

Hər bir insanın bir ömrü var. O insan öz ömrünü doğru-düzgün yaşamağa çalışmalıdır. İnsanlığın ölmədiyi bir dünyada cahillikdən doğan həyat insanı məhvə aparmamalıdır.
“Yad adam” – Həmid nə qədər üzə çıxsa da, yenə, o özünü tənhalığa, yoxluğa aparır. Yazıçı öz qəhrəmanını əsərin sonuna qədər oxucu təqibinə buraxır. Bir sözlə romandakı “Yad adam” – Həmidin faciəsi həm də cəmiyyətin faciəsidir.
İşsizlikdən doğan sosial problemlər cəmiyyətdəki mənəvi-əxlaqi atmosferanı tamamilə dağıdır və cəmiyyəti tənhalaşdırır: “Rusiyaya, Türkiyəyə, başqa ölkələrə köçən, qaçan, iş dalınca yollanan, müharibədə həlak olan, insani və erkəklik qabiliyyətini itirən kişilərin hesabına cinsi balans pozuldu. Bütün bunlara bir çarə kimi qeyri-rəsmi şəkildə bir kişinin bir neçə qadınla yaşamasına, qadınların təmin olunmasına icazə bəlkə də, göstəriş verildi. Sonra gözlənilmədən spontan şəkildə bu idarəetmə formasına, çoxluğun özünün, onların arasından seçilmişlərin ram edilməsi üsuluna çevrildi. Bir növ qadın cəmiyyətə, cəmiyyət qadına oxşadıldı”.

“Mən yoxam” əsəri müasir həyatımızın bədii həyat fəlsəfəsidir. Vətənin ucqar bir bölgəsinin idilliyasını bir romanla psixo-analiz etmək bir qələm sahibinin böyük uğurudur.

Nəsib Abid
müəllim-filoloq

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub